“Məhərrəmlik ayında insanların qan tökmək, baş yarmaq,
sinə vurmaq əvəzinə qanvermə aksiyasına qoşulması böyük savab
olar”.
Bu barədə Publika.az-a açıqlamasında Milli
Məclisin səhiyyə komitəsinin üzvü Musa Quliyev deyib.
Onun sözlərinə görə, Məhərrəmlik ayı, Aşuranın qeyd olunması şiə
müsəlmanları üçün həm matəm, həm də tarixi qəhrəmanlıq olaraq iki
amil daşıyır: “Yəni həmin gün imamlara təkcə yas tutmaq
məqsədəuyğun deyil. Kədərlənməklə yanaşı, başqa motivasiyalar da
verilməlidir. İmamların şəhidliyinin tərbiyəvi cəhətləri, onların
mənəvi dəyərləri, əqidə uğrunda mübarizə aparmağın nümunəsi olaraq
təbliğ olunmalıdır. Məhərrəmlik ayında müxtəlif adamlar ehsanlar
verir, süfrə açırlar. Bu, yaxşı əlamətdir. Lakin qan tökmək, baş
yarmaq o qədər də xoşagələn deyil. Artıq bunun zamanı keçib”.
M.Quliyev qeyd edib ki, insanlar qan tökmək əvəzinə qanvermə
aksiyalarında iştirak edərək, xəstə insanlara, qana ehtiyacı
olanlara kömək edə bilərlər.
“Hörmətli şeyximiz başda olmaqla Qafqaz Müsəlmanları İdarəsi neçə
ildir qanvermə aksiyası kimi gözəl ənənəni davam etdirirlər. Lakin
bu aksiyanın daha geniş şəkildə aparılması yaxşı olar. İnsanlar
özlərinə əzab-əziyyət vermək əvəzinə bu aksiyada iştirak edərək,
qana ehtiyacı olan xəstələrin şəfa tapmasına kömək edə bilərlər.
Bununla onlar özlərinə savab, xətirlərini əziz tutduqları imamlara
isə rəhmət qazanarlar”, - deyə Milli Məclisin üzvü bildirib.
Asif