“Rusiya və Azərbaycan hökumətləri arasındakı münasibətlərin hazırkı durumu bütün dünya ölkələri üçün nümunə rolunu oynayır”.
Bu sözləri millət vəkili Aydın Mirzəzadə Publika.az-a Rusiya ilə Azərbaycan hökuməti arasında 2024-cü ilə qədər imzalanan əməkdaşlıq proqramı barədə danışarkən deyib. O bildirib ki, dövlətlərin geosiferada daimi qonşu olması, vaxtilə eyni dövlətin tərkibində olması və digər bir sıra səbəblər iki dövlət arasında müəyyən ortaq baxış, ortaq dəyərlərin formalaşmasına gətirib çıxarıb:
“Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlməsindən sonra Rusiya-Azərbaycan münasibətləri yüksək xətlə davam etdirilir. Bu gün ölkə başçımız, cənab İlham Əliyevin Heydər Əliyevin siyasi xəttini davam etdirməsi bu münasibətlərə çox xüsusi dəyər verir. Sentyabrın 1-də Rusiya və Azərbaycan prezidentləri arasında keçirilən görüş, ölkələr arasındakı mövcud vəziyyəti qiymətləndirmək üçün unikal imkan idi. Bütün dünya ölkələri Rusiya –Azərbaycan arasındakı mehriban qonşuluq siyasətini mükəmməl formada, hər iki tərəfin maraqlarına uyğun şəkildə yeritməsinin şahidi oldu. Bu münasibətlər təkcə siyasi sferada deyil, eyni zamanda da digər münasibətləri - humanitar, iqtisadi, turizm, hərbi, nəqliyyat və s. geniş şəkildə əhatə edir. Vaxtıilə iki ölkə özünün ticarət iqtisadi əlaqələrinin 1 milyard dollara çatdırılmasını hədəf qoymuşdu. 2018-ci ildə bu rəqəmin 2,5 milyard dollar olduğunu görürük. Bununla yanaşı, qarşıya yeni hədəflər qoyulub, çoxsaylı Rusiya şirkətlərinin Azərbayacanda həm neft, həm də qeyri-neft sektorunda fəaliyyət göstərməsi də mükəmməl nümunədir. Rusiya tərəfi Azərbayacnla yeni texnologiyaların bölüşməsində, sərfəli investisiyaların yatırılmasında olduqca maraqlıdır. Paralel olaraq ölkəmizdə istehsal edilən kənd təsərrüfatı məhsullarının Rusiya bazarına çıxarılmasında da hər iki ölkənin böyük maraqları vardır”.
A.Mirzəzadə onu da əlavə edib ki, Xəzərin hüquqi statusu məsələsi həll edildikdən sonra artıq tərəflər arasında əməkdaşlığın daha başqa, yeni formaları meydana gəlir:
“Tərəflər neft sahəsində olduqca böyük əməkdaşlıq imzalayıblar. Yeni layihələrlə dünya bazarında birgə təkliflərlə çıxış edilməsi iki ölkə arasındakı münasibətlərin əsas gündəmidir. Azərbaycanda maşın avadanlıqlarının istehsal edilərək Rusiya və digər ölkələrin bazarına çıxarılması məsələsi daima diqqətdə saxlanılan mövzulardandır. Eyni zamanda Rusiya ilə Azərbaycan arasında ən mühüm əməkdaşlıqlardan biri də məhz hərbi-strateji sahədədir. Bu günə qədər Azərbaycan Rusiyadan 5 milyard dollar həcmində hərbi silah-sursat, avadanlıq alıb. Bu olduqca böyük rəqəmdir. Eyni zamanda bu rəqəm Azərbaycanın hər zaman Rusiya silahına tam güvənini, etimadını göstərir. Rusiya isə ölkəmizin ən ağır problemi olan Dağlıq Qarabağ münaqişəsini daim ölkəmizin mövqeyindən müdafiə edir. O da problemin sülh yolu ilə həllində maraqlıdır. Heç bir şübhə yoxdur ki, prezidentlərin görüşündə Dağlıq Qarabağ probleminin hazırki vəziyyəti ciddi şəkildə müzakirə olunub. Rusiyanın ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi problemin həllində daha konstruktiv, daha yaxından iştirakı önəmlidir. Vacib məsələlərdən daha biri də iki ölkə arasında humanitar sahədə əməkdaşlığın inkişaf etdirilməsidir. Hər iki ölkənin rəsmi nümayəndələrinin iştirakı ilə keçirilən görüşün ümumilikdə əsas məqsədi tərəflərin bütün istiqamətlərdə bir-birini başa düşməsi, yardım göstərməsidir”.
Könül