“Rusiya ilə Azərbaycan münasibətləri arasında hər zaman strateji xarakter daşıyan münasibətlər olub və imzalanan müqavilələr, memorandumlar bu münasibətlərin daha da inkişaf etdirilməsinə yönəlib”.

Bu sözləri Publika.az-a politoloq Fikrət Sadıqov Rusiya Federasiyası Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında 2024-cü ilə qədər imzalanan əməkdaşlıq proqramı haqqında danışarkən deyib. O bildirib ki, dövlət başçısının Rusiyaya səfərindən sonra iki ölkə arasındakı münasibətlərdə yeni bir səhifə açılacaq:

“Hər iki ölkə başçısının təşəbbüsü ilə gerçəkləşdirilən görüşdə iki ölkənin iqtisadi, siyasi məsələlərinin daha məhsuldar mərhələyə qədəm qoyması istiqamətində müzakirələr aparılıb. Bir çox sahələrdə imzalanan sazişlər, protokollar, memorandum və müqavilələr buna sübutdur. Əlbəttə ki, “5 yol xəritəsi” iki ölkə arasındakı əməkdaşlığın ən mühüm sənədlərindən hesab olunur. Çünki burada həm də qeyri-neft sektoru nəzərdə tutulub. Mən düşünürəm ki, bu məsələlərdə böyük irəliləyiş gözlənilir. Azərbaycan elə bir inkişaf səviyyəsinə çatıb ki, artıq, Rusiyanın Azərbaycana ehtiyacı var. Ölkəmiz neft-qaz sektorunda (“Rosneft” və SOCAR arasında imzalanan müqavilə - red.) Rusiya ilə yaxın əməkdaşlıq edir. Bundan başqa, artıq ölkəmizdə inkişafına xüsusi diqqət ayrılan qeyri-neft sektorunda da əməkdaşlıq gözlənilir. Eləcə də humanitar, təhsil və hərbi texniki sahələrdə də Rusiya ilə Azərbaycan arasındakı münasibətlər olduqca güclüdür. Düşünürəm ki, Azərbaycan hər zaman olduğu kimi bu gün də ən son texnologiyalarla təchiz edilmiş hərbi texnikanı Rusiyadan alır. Biz bunu hər zaman demişik, heç vaxt gizlətməmişik. Bu belə də davam edəcək. Bu məsələlərlə yanaşı, ölkənin təhlükəsizlik və stabil şəraitin təmin edilməsi istiqamətində hərbi gücümüzün hər zaman yüksək səviyyədə olması vacibdir. Biz işğal altında olan torpaqlarımızı azad etmək fikrindəyik, biz bunu bütün dünya ölklərinə bəyan etmişik. Ölkə başçımız cənab İlham Əliyev də hər zaman öz çıxışlarında, bəyanatlarında bu barədə qəti fikirlər səsləndirir. Bu cür şəraitdə belə bir formatda imzalanan əməkdaşlıq proqramı təbii ki, hər iki dövlət üçün çox müsbət perspektivlər vəd edir”.

Könül