Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Rux Ordo” Mədəniyyət Mərkəzində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Sammitində çıxışı zamanı beynəlxalq ticarətdə dolları milli valyuta ilə əvəz etməyi təklif edib.
Publika.az Türkiyə mediasına istinadən xəbər
verir ki, Ərdoğan bununla beynəlxalq ticarətdə dollardan asılılığı
azaltmağa nail olunacağına ümidvar olduğunu qeyd edib: "Ticarətin
milli valyutamızla aparılması ən yaxşı variantdır. Bu istiqamətdə
intensivliyi artırmağı təklif edirik. Beynəlxalq ticarətin
dollardan asılılığı artıq qarşımıza bir neçə maneə çıxarıb. Son
dövrdə beynəlxalq təcrübə, prinsip, qaydaların kobud şəkildə
pozulduğunu təəssüf hissi ilə bildirmək istəyirəm".
Prezident Ərdoğan çıxışı zamanı FETÖ təşkilatına dair də açıqlama
verib.
O bu təşkilatın dünyanın dörd bir yanında təhsil müəssisələrini ələ keçirərək bu istiqamətdən qeyri-leqal fəaliyyətlərini davam etdirdiyini diqqətə çatdırıb: "Bu təşkilat bir zamanlar Türkiyədə olduğu kimi dünyanın dörd bir yanında təhsil müəssisələri üzərindən təşkilatlanıb. Yaşadıqlarımız bizə, eləcə də bütün ölkələrə FETÖ təşkilatına qarşı mübarizə aparılması gərəkdiyini sübut etmişdir".
Könül