Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov maddi çətinlikdən şikayət edib.

Milli.Az xəbər verir ki, o, bununla bağlı şəxsi sosial şəbəkə hesabında yazıb. "Şah" "Sinquefield Cup" turnirinin VIII turunda Maqnus Karlsenlə matçdan sonra həddən artıq yorulduğunu, artıq pul qazanmaq üçün çoxlu turnirdə iştirak etmək məcburiyyətində qaldığını və hətta şahmatdan bezdiyini qeyd edib.

Məmmədyarovun yazdıqlarını təqdim edirik...

"Karlsenlə 5 saatdan çox oyun oynadım və açığı, çətin mübarizə oldu. Debütdə böyük üstünlüyüm var idi. Sonra bir az pis vəziyyət aldım və rəqib 5 saat udmağa çalışdı. Buradan belə qərara gəldim ki, 40-45 gün sürən turnirlərə son qoyum. Gərək, az oynayıb, özümdə güc saxlayım. Bu qədər ard-arda oynamaq biabırçılıqdı. Bu gün jurnalist sual verdi ki, nədir səni bu qədər oynamağa məcbur edən? Utandım "pul" deməyə. Deyə bilmədim ki, mənim kimi peşəkar oyunçunun sponsoru yoxdu. Bütün yarışlara öz hesabıma gəlirəm. Buradakı bütün insanların sponsoru var. Amma sabah yenə oyunum olacaq və gərək hazırlaşım. Çox heyf, amma şahmat belə, məni bezdirir. Yorulmuşam. Arada fikirləşirəm ki, bu ölkədə məndən güclü nə qədər idmançı var ki, mənə bir sponsor tapılmadı? Azərbaycana sevgim sonsuzdu, amma heyf, mənim gücüm sonsuz deyil. Bir gün mən o Şəhriyar Məmmədyarov olmayacağam. Onda isə bu söhbətlər sadəcə, mənasız olacaq".

Hazırda dünyanın ən güclü "iti zəka sahiblərindən" sayılan Şəhriyar FIDA reytinqində 3-cüdü.

Milli.Az