"Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi olan Moldovanın "Şerif" klubu yerli çempionatda növbəti qələbəsini qazanıb.
Tiraspol təmsilçisi "Dinamo-Auto"nu məğlub edib - 2:0.
Milli.Az futbolpress.az-a istinadən xəbər verir ki, matçdan sonra fikirlərini bildirən komandanın baş məşqçisi Qoran Sabliç Ağdam klubu ilə oyunöncəsi bir neçə əsas heyət oyunçusuna istirahət verdiyini söyləyib:
"Əsas vəzifəni yerinə yetirdik, qələbə qazandıq. Qələbə qazanmaq ən vacib məsələdi. Daha çox qol vura bilərdik. "Dinamo-Auto" ilə matçda az şans qazanan futbolçulara, oyun təcrübəsi olmayanlara imkan yaratdım. Eyni zamanda, komandanın əsas heyət üzvlərinin bəzilərinə istirahət vermişdim. Avropa Liqasında "Qarabağ"a qarşı keçirəcəyimiz oyun ərəfəsində bu vacibdir. Bundan sonra həmin matçın hazırlıqlarına başlayacağıq".
Xorvatiyalı mütəxəssis "Qarabağ"la matç ərəfəsində əhval-ruhiyyənin yaxşı olduğunu sözlərinə əlavə edib:
"Əhval-ruhiyyəmiz yerindədi. Hər kəs "Qarabağ"la cavab oyununu gözləyir. İlk oyunda yaxşı nəticə əldə etdik, mərhələ keçmək üçün alışıb-yandığımızı göstərdik. Cavab oyunun bizim üçün çətin olacağını bilirik. Ancaq inanıram ki, komanda fiziki cəhətdən yaxşı vəziyyətdədi və futbolçularım qələbə qazanmaq istəyirlər".
39 yaşlı çalışdırıcı Bakıda oynamayacaq belaruslu yarımmüdafiəçi Yuri Kendişini kiminlə əvəzləyəcəyi haqda düçündüklərini bildirib:
"Dinamo-Auto" ilə meydana çıxan futbolçuların bəziləri Yurini əvəzləyə bilər. Bu, asan olmayacaq. Ancaq fikrimcə, vəzifəni yerinə yetirə bilən varinatı və futbolçunu tapacağıq. Fikrimcə, hər şey normal olacaq".
Milli.Az