Ümumiyyətlə, oyun yaxşı keçdi. Düşünürəm ki, qələbə qazana bilərdik, ancaq alınmadı. Buna baxmayaraq, Avroliqada yolumuza yaxşı davam etməliyik.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Con Delarj Topaz Premyer Liqanın 3-cü turunda "Neftçi" ilə heç-heçə etdikləri oyundan (1:1) sonra jurnalistlərə açıqlamasında deyib.
O, Türkiyə və Azərbaycandakı derbi matçlarını müqayisə etmək istəmədiyini bildirib: "Belə müqayisələri sevmirəm. Hazırda Azərbaycandayam və oyuna çıxıb, vəzifəmi yerinə yetirirəm. Məncə,"Qarabağ" - "Neftçi" oyununu Türkiyədəki derbilərlə müqayisə etmək düzgün olmaz".
28 yaşlı futbolçu 87-ci dəqiqədə əvəzlənməyini belə izah edib:
"Matça hazır idim. Buna görə də 87 dəqiqə meydanda qaldım. Məşqçimiz vəziyyətdən asılı olaraq, heyətdəki digər futbolçuları da meydana buraxmalıdır".
C. Delarj Avropa liqasının pley-off mərhələsinin "Şerif"lə Bakıda keçiriləcək cavab matçı haqda da danışıb:
"Şerif"lə cavab matçı bizim üçün həyati önəm daşıyır. Həmin oyuna köklənməliyik. Qrup mərhələsində çıxış etmək üçün əlimizə düşən şanslardan maksimum yararlanmalıyıq".
Milli.Az