Bakı, 22 aprel, AZƏRTAC
“Qarabağ” komandası 2006-cı və 2009-cu illərdə futbol üzrə Azərbaycan kubokunu qazanmaqla bizə sevinc yaşadıb. Altı ildən sonra yenidən finalda oynamaq olduqca xoş duyğudur. Üstəlik rəqibimizin “Neftçi” olması final qarşılaşmasına əlavə rəng qatacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Qarabağ” futbol klubunun vitse-prezidenti Tahir Gözəl deyib.
“Neftçi”nin Azərbaycan futbolunda xüsusi yeri olduğunu vurğulayan vitse-prezident final görüşünün Qəbələdə keçirilməsindən məmnunluğunu bildirib. Belə mühüm matçın bölgədə təşkil edilməsi ölkə futbolunun inkişafı və populyarlığı baxımından yaxşı amildir. Futbol ictimaiyyətini, azarkeşləri olduqca maraqlı qarşılaşma gözləyir. Hər kəsi bu oyuna dəvət edirəm.