Ukrayna Radikal Partiyasının lideri Oleq Lyaşko Kiyevi xəyanətdə ittiham edən Amerika KİV-inin ittihamlarını cavablandırıb.
Publika.az xəbər verir ki, Ukrayna deputatı yaranmış vəziyyətdən çıxış üçün Amerika tərəfinə təklif verib.
“Əgər amerikalılar çinlilərə aviamühərriklərini satmağımızı istəmirlərsə, qoy onlar özləri alsınlar. Bizə çinlilərə satmağı qadağan edirlər və özləri də almırlar. Bu, nəticədə “Motor Siç”, minlərlə yüksək ixtisaslı, amma işsiz ukraynalının müflisliyidir”, - Lyaşko feysbuk səhifəsində yazib.
Deputat əlavə edib ki, Ukrayna ən müasir aviasiya mühərrikləri hazırlayan 5 ölkədən biridir.
Qeyd edək ki, Amerika KİV-i “Motor Siç” şirkətinin istehsalı olan aviamühərriklərin Çinə çatdırılması haqqında yazıb. ABŞ Senatının beynəlxalq münasibətlər üzrə komitəsinin keçmiş məsləhətçisi Uilyam Triplett bildirib ki, ukraynalılar Amerika vergi ödəyicilərinin pulunu alırlar, eyni zamanda ABŞ-ın hərbi dəniz qüvvələrinin kürəyinə zərbə vururlar".
Daha əvvəl isə “Motor Siç” Amerika KİV-inin ittihamına cavab verib. Xüsusi halda, şirkətin nümayəndələri qalmaqalda “Rusiya izi”ni görüblər və qeyd ediblər ki, Çinlə müqavilənin icrasının dayandırılması halında, Pekin analoji qurğuları Rusiyadan alacaq.
Həmçinin bildiriblər ki, Çin bazarından imtina Ukrayna şirkəti üçün ciddi mənfi nəticələrə səbəb olacaq.