“22 ildir müzakirə olunan və nəhayət, qəbul olunan Xəzərin hüquqi status ilə bağlı Konvensiya Xəzəryanı dövlətlərin maraqları baxımından müəyyənləşdirici sənəd kimi qiymətləndirilməlidir. Ölkə başçısı İlham Əliyevin də bu məsələdə əsas yanaşması Xəzər sərhədindən savaş təhlükəsi ola biləcək hər hansı hərəkətlənməyə qarşı önləyici addımlar atmaqdır”.

Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili Fazil Mustada avqustun 12-da Xəzərin hüquqi status ilə bağlı imzalanmış Konvensiyanı şərh edərkən deyib.

Millət vəkili hesab edir ki, bu Konvensiyaya ən azı Xəzərin hərbiləşmiş dənizə çevrilməsinin qarşısını almaq üçün razılaşma kimi baxılmalıdır.

“Çünki bu təhlükə hər zaman var idi. Azərbaycan tərəfinin bu istiqamətdəki müzakirələrdə aktiv rol alması vacib idi. Təcavüzə məruz qalan ölkəyik, bütün resurslarımız və imkanlarımız işğalın problemlərini ortadan qaldırmağa yönəlib. Arxa cəbhədə konflikt və ya problemin qalması daha çox risklər ortaya qoyur. Bu istiqamətdə ölkə prezidentinin addımı kifayət qədər təqdirəlayiq və doğrudur. Bu, xarici siyasətdə müəyyən “minaların” zərərsizləşdirilməsi istiqamətində vaxtında atılmış addım olaraq ölkənin mövcudluğu üçün zəruridir. Bu həm də gələcəkdə Xəzər dənizindən böyük güclərin hərbiləşmiş məqsəd və ya konflikt ocağı kimi istifadə etməsi imkanını da ortadan qaldırdı. Beş dövlətdən kənar hər hansı qüvvənin Xəzər dənizində hərbi bazasının olması ideyası yoxa çıxmış oldu. Konvensiya Xəzəryanı dövlətlərin daha yaxın münasibət qurması üçün də zəmin yaratdı. Xüsusən, Rusiya, İran kimi böyük, Qazaxıstan və Türkmənistan kimi qardaş dövlətlərlə yaxın olmağımız gələcəkdə siyasətdə və digər sahələrdə müəyyən uzlaşmaya yönəlik addımlar atmağımıza köməklik göstərə bilər”.

Millət vəkili bu Konvensiyanın müəyyən iqtisadi maraqlara da xidmət edəcəyini bildirib: “Xüsusən, enerji layihələrinin gerçəkləşməsi baxımdan əhəmiyyətlidir. Azərbaycana məxsus olan yataqların istismarı ilə bağlı məsələlər gündəmə gələ bilər. Hesab edirəm ki, bu məsələlər danışıqlar yolu ilə qaydasına salına bilər. Ən vacib məqam isə Xəzəryanı ölkələr artıq müəyyənləşmiş oyun qaydalarının içərisinə girdilər. Bu da kiminsə bu ölkələrin hüdudlarına müdaxilə etmək imkanını aradan qaldırır”.

Gülxar