ABŞ İrana qarşı sanksiyaların ilk mərhələsinə start
verdi. Ardınca prezidenti Donald Tramp sanksiyalara əməl etmədən
İranla ticarət aparacaq ölkələrin ABŞ-la heç bir əməkdaşlıq edə
bilməyəcəyi haqqında qərar qəbul etdi. Vaşinqton İrana qarşı
sanksiyaların ikinci mərhələsinə noyabrda start verməyi
planlaşdırır.
Hazırda tətbiq edilən sanksiyalara İranın ABŞ dollarına çıxışının
qarşısının alınması, dövlət istiqrazlarının satılması, qızıl, almaz
və digər qiymətli metallar, polad, alüminium, kömür, həmçinin İrana
idxal edilən təyyarə və ya onun detalları, gəmiqayırma sahəsi
daxildir. Bununla yanaşı, xarici şirkətlərin İranın avtomobil
sektoruna girməsinin qarşısını alacaq cəzalar, əl istehsalı olan
xalçaların, şam fıstığı kimi qida məhsullarının ABŞ-a ixracı da
sanksiyalarla qadağan hesab olunur. İkinci mərhələdə isə enerji
sektoruna sanksiya tətbiq ediləcəyi gözlənilir. ABŞ-ın bu addımı
bütün dünyada daşları yerindən oynatdı, xüsusilə Azərbaycanın da
yerləşdiyi regionun gələcəyinə dair qayğılar yaratdı.
Milli Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri, politoloq Natiq Miri
Publika.az-a müsahibəsində ABŞ-ın sanksiya
qərarının nəticələrini və regionda gözlənilən prosesləri şərh
edib.
- Tramp artıq İrana hücumun ilk mərhələsini başladı. Bunun
nəticələrini necə olacaq?
- Əslində İrana sanksiyalar ABŞ-ın taktiki gedişidir. Yəni əvvəlcə
bir ölkəyə qarşı sözlə təzyiqlər edilir, sonra bu əmələ keçir,
iqtisadi yöndə sanksiyalar tətbiq edilir, sonrakı mərhələdə bu daha
da gücləndirilir və beləliklə həmin ölkəni “diz çökdürmək”
istəyirlər. ABŞ Şimali Koreyaya eyni taktikanı tətbiq etdi və
hazırda konkret nəticələr olmasa da, nisbətən istəyinə nail oldu.
İrana qarşı məsələdə isə Amerika daha geniş müstəvidə hərəkət edir
və təkcə İrana yox, Avropa İttifaqı ölkələrinə, eləcə də Türkiyəyə
hücuma keçir. Hesab edirəm ki, ABŞ sanksiyalarının İrana təsiri
dünya gücləri və digər ölkələrin davranışından asılı olacaq. ABŞ
İranla nüvə sazişindən birtərəfli çəkilsə də, saziş qüvvədədir.
Çünki Almaniya, Fransa, İngiltərə kimi Avropanın güclü ölkələri
nüvə sazişindən çıxmayıblar. Nüvə sazişi imzalanandan sonra bu
ölkələr və onların böyük firmaları İrana investisiya qoydu. İndi də
yatırımlarının zərər görməməsi üçün ABŞ-a qarşı çıxırlar.
- Yəni İranın imkanları və alternativləri daha
sağlamdır?
- Bəli, sanksiyalara qarşı İran ABŞ-ın rəqibi olan ölkələrə doğru
istiqamətlənəcək. Bu gün ən böyük alternativ BRİKS (Braziliya,
Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası) ölkələridir.
Çin, Rusiya, Hindistan sanksiyaları dəstəkləməyəcəklər. Türkiyə də
İrana qarşı ABŞ-la eyni cəbhədə olmayacağını bəyan edib. Avropa
İttifaqı da Trampın əleyhinə çıxır. Əgər bu ölkələr sona qədər belə
davam edəcəklərsə, ABŞ-ın sanksiyaları İran iqtisadiyyatı üçün o
qədər də faciəvi olmayacaq. Əslində Trampın sanksiyaların
tətbiqindən sonra qəbul etdiyi yeni qərar da digər ölkələrə
xəbərdarlıq idi. Məhz ABŞ-ın qərarına qarşı çıxan ölkələr Trampın
təzyiqindən çəkinmədən İranla əməkdaşlığa davam edəcəklərsə,
sanksiyaların ciddi təsiri olmayacaq. İndi sanksiyaların ikinci
mərhələsi gəlir, ABŞ noyabrda bunu tətbiq edəcəyini bildirib.
Noyabr ayına qədər digər ölkələrin İrana münasibəti daha aydın
şəkildə bəlli olacaq.
- Demək olar ki, dünyanın böyük dövlətləri Trampın İran
siyasətinə qarşı çıxdı və bu ABŞ-ın dövlət maraqlarına uyğun
gəlmir. Lakin buna rəğmən, Tramp öz siyasətindən əl çəkmək
niyyətində də deyil. Sizcə, onun ABŞ-ın dövlət maraqlarına zidd
addımlar atmasının səbəbi nədir?
- Burada təhlükəli amil kimi ABŞ dövlət rəhbərliyini ələ keçirən
evanqelist dini təriqəti görünür. ABŞ rəhbərliyində təmsil olunan
evanqelistlərin böyük əksəriyyətinin ikili vətəndaşlığı - həm
Amerika, həm İsrail - var. Bununla yanaşı, dini təriqətin aktiv
üzvləri Konqresə, Nümayəndələr Palatasına, hətta Pentaqona qədər
sızmağı bacarıblar. Evanqelist olan vitse-prezident Mayk Pens və
Trampın təhlükəsizlik üzrə müşaviri Con Boltonun timsalında bunu
aydın görmək olur. Onların yürütdüyü siyasət ABŞ dövlət maraqlarına
uyğun gəlmir, əksinə özlərinin absurd maraqlarına uyğundur. Təkcə
İranla deyil, ABŞ-ın müttəfiqi olan Türkiyə ilə də münasibətlər
süni şəkildə gərginləşdirilir. Ortaya keşiş Brunsonu bəhanə olaraq
atıblar. Avropa İttifaqı ölkələri ilə ticarət müharibəsi aparırlar.
Bütün bu faktlar ABŞ-ın evanqelistlərin təzyiqi ilə yanlış xarici
siyasət apardığını göstərir. Hesab edirəm ki, bunun davam etməsi
ABŞ-ın qlobal səviyyədə təklənməsinə gətirib çıxaracaq.
- İran bundan əvvəlki dövrdə ABŞ sanksiyalarına dözməyi
bacardı. Necə düşünürsünüz, bu dəfə də ayaq üstə qala
biləcəkmi?
- Yenə əvvəlki fikrimə qayıdıram, İranın dözməsi digər ölkələrin
ona münasibətindən asılıdır. İran bundan əvvəl sanksiyalara məruz
qalanda Türkiyə hər şeyə rəğmən iqtisadi münasibətləri davam
etdirdi. Rusiya və Çin də eyni mövqe sərgilədi. Bu dəfə də eyni
mövqe sərgiləsələr, xüsusilə İngiltərə, Almaniya, Fransa kimi
Avropanın böyük ölkələri İranla əməkdaşlıq edəcəksə, ABŞ-ın
sanksiyalarının heç bir əhəmiyyəti olmayacaq. Hər şey bu ölkələrin
davranışından asılıdır.
- ABŞ-İran qarşıdurması həmişə regionda Azərbaycan amilinin
önə çıxmasına səbəb olur. Rəsmi Bakı bundan əvvəl tətbiq olunan
sanksiyalar zamanı İrana qarşı platforma olmadı. Bu dəfə də eyni
siyasəti yürüdəcəkmi?
- Azərbaycan İrana qarşı sanksiyalara heç vaxt dəstək verməyib və
bu dəfə də verməyəcək. Bu, bizim müstəqil xarici siyasət
aparmağımızdan irəli gəlir. Lakin burada başqa bir məqam var. Misal
üçün, İraq hökuməti İranın onlara bütün dəstəyinə rəğmən bəyan etdi
ki, İraq xalqının zərər görməməsi üçün ABŞ-ın sanksiyalarına əməl
edəcək. Burada zərər görmək məsələsi xüsusi önəm daşıyır.
Azərbaycanın İrana qarşı hücumda iştirak etməyəcəyi dəqiqdir, lakin
Bakı özünü də sanksiyaların hədəfinə çevirməyəcək. Yəni Azərbaycan
xalqının bundan zərər görməsinə razı olmayacaq. Buna görə də
sanksiyalar çərçivəsində İranla əməkdaşlıqda müəyyən məhdudiyyətlər
yaşana bilər. Təbii ki, bunu İran anlayışla qarşılamalıdır.
Asif