ATƏT-in Minsk qrupunun keçmiş rusiyalı həmsədri Vladimir
Kazimirov Ermənistanın baş naziri Nikol Paşinyana təklif verib.
Publika.az xəbər verir ki, Kazimirov Paşinyanla Serj
Sarkisyanın görüşməsini və Dağlıq Qarabağ münaqişəsi ətrafında
vəziyyəti birgə müzakirə etməsini təklif edib.
“Son dövrlər Ermənistanda daxili vəziyyət ağırlaşıb, ölkənin siyasi
liderləri arasında qarşıdurmalar yaşanır. Bu vəziyyət danışıqlarda
Ermənistanın mövqelərini zəiflədəcək. Qarabağ danışıqlarına görə
Ermənistanda bütün siyasi güclər birləşməlidir. Hesab edirəm ki,
Levon Ter-Petrosyan, Robert Koçaryan, Serj Sarkisyan və Nikol
Paşinyan təcili şəkildə görüşməli və Qarabağ məsələsini müzakirə
etməlidirlər”, - deyə daim Ermənistana dəstək verməsi ilə seçilən
Kazimirov İrəvandakı vəziyyətdən narahat olduğunu gizlətməyib.
Qeyd edək ki, Kazimirov 1992-1996-cı illərdə ATƏT-in Minsk qrupunun
həmsədri olub. O, Bişkek protokollarının imzalanması prosesində
yaxından iştirak edib. Hətta protokollara Dağlıq Qarabağ
separatçılarını tərəf kimi daxil etməyə cəhd edib.
Həmin vaxt dövlət müşaviri olan Qabil Hüseynli bunu belə
xatırlayır: “Mərhum prezident Heydər Əliyev rusiyalı həmsədr
Kazimirovla atəşkəs məsələlərini razılaşdırdı. Razılığa görə, bu
Azərbaycan və Ermənistan tərəfi ilə bağlanır və orada beynəlxalq
təmsilçilər iştirak etməlidir. Hamısı olmasa da müəyyən məsələlərə
əməl edildi. Atəşkəsin bağlanması üçün Bişkek şəhərində toplanıldı.
Azərbaycan tərəfindən orada Ali Sovet sədrinin birinci müavini
Afiyəddin Cəlilov iştirak edirdi. Rəhmətlik Afiyəddin mayın 10-u
səhər Heydər Əliyevə zəng vuraraq dedi ki, bura qondarma “DQR”-in
nümayəndəsinin də adı salınıb. Heydər Əliyev ona dərhal geri
qayıtmasının tapşırdı. Bu barədə Heydər Əliyev sonradan bizi
toplayarkən məlumat verdi. Afiyəddin Cəlilov axşamüstü Bakıya
qayıtdı, Kazimirov da onunla birlikdə gəlmişdi. Onda Heydər Əliyev
Kazimirova dişinin dibindən çıxanı dedi. Sonra razılığa gəlindi ki,
sənəddə Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının da
imzaları olsun. Kazimirov İrəvanla danışdı, onlar razılaşdı.
Onlardan Ali Sovetin sədri imzalayacaqdı, buna görə də avtomatik
olaraq Rəsul Quliyevin imzalaması məsələsi ortaya çıxdı və erməni
icmasının rəhbəri ilə Azərbaycan icmasının rəhbəri, Şuşanın o
vaxtkı icra başçısı Nizami Bəhmanov imzaladı. Kazimirov hazır olan
sənədi imzalamaq üçün İrəvana apardı. Sonra Bakıya gətirdi və
burada imzalama mərasimi keçirildi. Yəni Azərbaycan tərəfi imzaları
Bişkekdə deyil, Bakıda atdı. Sənəd üç nüsxə idi. Biri Rusiyada,
biri Ermənistanda, digəri isə Azərbaycanda qaldı”.
Asif