Rusiya Silahlı qüvvələrinin Cənub hərbi dairəsi Abxaziya separatçı bölgəsində hərbi təlimlərə başlayıb.
Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, şərti rəqibin desantından Qara dənizin sahillərinin müdafiə edilməsi təlimlərin ssenarisinə daxildir.
Manevrlərə təxminən 2,5 min hərbi qulluqçu, silah və hərbi texnikanın 600-dən çox vahidi cəlb edilib.
Qeyd edək ki, avqustun 1-də NATO ölkələri və alyansın partnyorları Gürcüstanın Vaziani hərbi bazasında “Noble Partner 2018”adlı birgə hərbi təlimlərə başlayıb. Təlimlərdə 13 üzv ölkə və partnyorların 3 mindən çox hərbi qulluqçu iştirak edir. Bunlar Gürcüstan, Azərbaycan, Ermənistan, Böyük Britaniya, Almaniya, Litva, Norveç, Polşa, ABŞ, Türkiyə, Ukrayna, Fransa və Estoniyadır.
Avqustun 15-nə kimi davam edəcək təlimlərə ABŞ Silahlı qüvvələrinin Avropa komandanlığının texnikası, xüsusi halda, “MIA2 Abrams” tankları, “Stryker” zirehli avtomobilləri və “BMP Bradley” cəlb ediləcək. Təlimlərin rəsmi hədəfi Qara dəniz regionunda təhlükəsizliyin möhkəmləndirilməsi üçün bölmələrin uyğunluğunu yaxşılaşdırmaqdır.