Fələstin prezidenti Mahmud Abbasın başçılıq etdiyi FƏTH hərəkatı Qəzzaya tətbiq edilmiş blokadanın yumşaldılmasına əvəz olaraq İsraillə birtərəfli sazişin nəticələri barədə HƏMAS hərəkatını xəbərdar edib.
Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, bu haqda FƏTH-in rəsmi nümayəndəsi Usama al-Kavasimi bildirib.
Onun sözlərinə görə, İsraillə bu cür barışıq Fələstində milli birliyə və müqavilələrə zərər verir. FƏTH-in rəsmi nümayəndəsi qeyd edib ki, barışığın mümkün nəticəsi Fələstin xalqına yeni zərbə və İsrailə hədiyyə olacaq.
Usama al-Kavasimi bildirib ki, HƏMAS-la saziş cəhdinin arxasında “əsrin sazişi” ilə sui-qəsd həyata keçirmək və Fələstin problemini tamamilə aradan qaldırmaq istəyən İsrail və ABŞ dayanır.
“HƏMAS dar partiya maraqlarını hərəkətə gətirir. FƏTH-lə birlik Fələstinin ümumi maraqlarına xidmət edir”, - FƏTH-in nümayəndəsi hesab edir.
Yayılan informasiyaya görə, Misir hazırda İsrail və Fələstin qruplaşmaları arasındakı danışıqlarda vasitəçilik edir və atəşin dayandırılması haqqında daha geniş razılaşmaya nail olmağa çalışır. Qeyd edilir ki, Fələstin və İsrail arasında mümkün razılaşma ən yaxın həftələrdə əldə edilə bilər və razılaşma İsraillə sərhəd bütün rayonlarda icra olunacaq.