Konstitusiya quruluşunu devirməkdə ittiham olunan Ermənistanın keçmiş prezidenti Robert Koçaryan 1 mart 2008-ci il tarixində etiraz aksiyalarının dağıdılması haqqında iş üzrə ifadə verməkdən imtina edib.
Publika.az “news.am” saytına istinadən xəbər verir ki, bu haqda Xüsusi İstintaq Xidmətinin başçısı Sasun Xaçatryan bildirib.
“Cənab Koçaryan ifadə verməkdən imtina etdi və istintaq hərəkətlərinin keçirildiyi otağı tərk etdi”, - o, Ermənistanın İctimai televiziyasının efirində deyib.
Qeyd edək ki, Xüsusi İstintaq Xidməti 26 iyulda 1 mart 2008-ci il etiraz aksiyalarının dağıdılması haqqında cinayət işi çərçivəsində Koçaryana konstitusiya quruluşunun devrilməsi üzrə ittiham təqdim edib. Sabiq prezident bir gün sonra iki aylıq həbs edilib.
Koçaryanın özü ittihamları saxta hesab edir. Sabiq prezidentin fikrincə, bu, növbədənkənar parlament seçkiləri ərəfəsində siyasi proseslərdə onun iştirakını neytrallaşdırmaq arzusu ilə bağlı ola bilər. Koçaryanın vəkilləri həbsdən apelyasiya məhkəməsinə şikayət ediblər.