ABŞ prezidenti Donald Tramp ticarət güzəştlərinə nail olmaq üçün Çinə təzyiq göstərməyə davam edəcək.

Publika.az “Blomberg” agentliyinə istinadən xəbər verir ki, bu haqda Trampın iqtisadiyyat üzrə msələhətçisi Larri Kudlou bildirib.

“Biz dəfələrlə deyirdik: heç bir rüsum, heç bir tarif məhdudiyyəti, heç bir maddi yardım. Biz ticarət islahatlarını görmək istəyirik. Amma Çin bunu etmir. Onların iqtisadiyyatı və valyutası zəifdir”, - Kudlou deyib.

Bu gün Çinin Ticarət Nazirliyi bildirib ki, ABŞ onun məhsullarına yeni rüsumlar tətbiq edəcəyi halda, Pekin ABŞ istehsalı olan 5207 adda məhsula 5, 10, 20 və 25 faiz həcmində gömrük rüsumları tətbiq etməyə hazırdır. Bu malların ümumi qiymətinin təxminən 60 milyard dollar olduğu bildirilir.

Qeyd edək ki, ABŞ administrasiyasının çərşənbə hünü açıqladığı məlumata görə, 200 milyard dollar məbləğində Çin malları və xidmətlərinin idxalı üçün gömrük rüsumlarını 25 faizə qədər artırmağa hazırlaşır. Amerika prezidenti Donald Tramp daha əvvəl 10 faizlik gömrük rüsumları tətbiq etmək istəyirdi, amma sonradan bu göstəricinin kifayət etmədiyini bildirib.

Tramp iyulun 20-də qeyd etmişdi ki, sonuna qədər getməyə və ümumilikdə, təxminən 500 milyard dollarlıq Çin mallarının idxalına rüsumları tətbiq etməyə hazırdır.