Azərbaycan Güləş Federasiyasından (AGF) ANS PRESS-ə bildirilib ki, turnirdə Azərbaycan pəhləvanları ilə yanaşı, Ukrayna, İran, Özbəkistan, Gürcüstan, Slovakiya, Türkmənistan, Macarıstan, Qazaxstan, Qırğızıstan, Rusiya, Belarus və Türkiyə güləşçiləri iştirak edib. Ümumilikdə, 13 ölkədən 500-ə yaxın idmançının mübarizə apardığı yarışda güləşçilərimizin çıxışını uğurlu hesab etmək olar. Belə ki, 4 gün davam edən yarışı yığma komandamızın üzvləri 16 qızıl, 14 gümüş və 23 bürünc olmaqla ümumilikdə 53 medalla başa vurdu.
Yeniyetmə yunan-Roma güləşçilərimiz 3 qızıl, 8 gümüş və 9 bürünc medal qazanaraq ilk yarış gününə damğa vurdular. Yunan-Roma güləşi üzrə gənclərdən ibarət yığma komandamızın üzvləri ikinci yarış günündə mübarizəyə qoşuldurlar və günü 4 qızıl, 2 gümüş və 3 bürünc medalla başa vurdular. Yarışın son iki günündə mübarizəyə qoşulan sərbəst güləşçilərin qazandığı 24 medaldan, 4 qızıl, 3 gümüş və 8 bürüncü yeniyetmələrin, 5 qızıl, 1 gümüş və 3 bürünc medal isə gənclərin payına düşüb.









Mənbə
ANS PRESS