[ 20 Aprel 2015 11:48 ]
Bakı-APA. Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımovun dəvəti ilə Bolqarıstanın Angel Kançev adına Ruse Universitetinin (AKRU) rektoru, professor Xristo İvanov Beloyevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana gəlib. BANM-in ictimai əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, nümayəndə heyəti Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edib.
Sonra qonaqlar BANM-in rəhbərliyi, professor-müəllim heyəti və tələbələri ilə görüş keçiriblər. Görüş çərçivəsində BANM və AKRU arasında əməkdaşlıq haqqında razılaşma imzalanıb.
Tədbiri açan BANM-in rektoru Elmar Qasımov Azərbaycanla Bolqarıstan arasındakı tarixi münasibətlər, BANM-in yaranma tarixi, fəaliyyəti, məqsədləri, xarici şirkət və universitetlərlə yaradılan əməkdaşlıq barədə məlumat verib. BANM-in növbəti tərəfdaşının Ruse Universitetinin olacağını bildirən rektor imzalanan razılaşmanın bakalavriat səviyyəsində mütəxəssis hazırlığında və qarşılıqlı maraq doğuran sahələrdə birgə elmi araşdırmaların aparılmasına imkan yaradacağını qeyd edib.
Görüşdə iştirak edən Bolqarıstanın Azərbaycandakı səfiri Maya Xristova iki dost ölkənin universitetləri arasında əməkdaşlıq haqqında razılaşmanın əldə olunmasından məmnunluğunu bildirib və bu əməkdaşlığın Azərbaycanın və Bolqarıstanın təhsil sahəsindəki ikitərəfli tərəfdaşlığının inkişafına təkan verəcəyinə əminlik ifadə edib.
Professor Xristo İvanov Beloyev isə rəhbərlik etdiyi ali təhsil ocağı haqqında geniş məlumat verib. AKRU-nun avtonom dövlət ali məktəb olduğunu qeyd edən rektor universitetdə 10.000 tələbə və doktorantın təhsil aldığını, universitetin iki filialının, 8 fakültəsinin və çoxsahəli mərkəzlərinin fəaliyyət göstərdiyini qeyd edib.
Sonra BANM və AKRU arasında əməkdaşlıq haqqında razılaşmanın imzalanma mərasimi keçirilib. Əməkdaşlığın əsas məqsədi BANM-də “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə yüksək ixtisaslı mütəxəssislərin hazırlanması üçün bakalavr hazırlığı proqramı çərçivəsində tədris olunacaq fənlərin materiallarının AKRU tərəfindən BANM-ə verilməsi, tədris prosesinin təşkilinə metodiki yardımın göstərilməsi, eləcə də müxtəlif maliyyə mənbələri hesabına birgə elmi-tədqiqat işlərinin aparılmasını təmin etməkdir.
Sonda Bolqarıstanın Angel Kançev adına Ruse Universitetinin rektoru, prof. Xristo İvanov Beloyev BANM-in “Fəxri qonaq” diplomu ilə təltif olunub.