Bakı, 18 aprel, AZƏRTAC
Azərbaycan Güləş Federasiyası (AGF) Dünya Güləş Birliyinin (DGB) fəal üzvü kimi, həm təşkilat çərçivəsində, həm də ayrılıqda üzv ölkələrin qurumları ilə əməkdaşlıq edir.
AZƏRTAC xəbər verir ki, AGF-nin birinci vitse-prezidenti, DGB-nin idarə heyətinin üzvü Namiq Əliyev və federasiyanın baş katibi Əjdər Cəfərov Cənubi Amerikada işgüzar səfərdədir.
Səfər çərçivəsində Braziliya Güləş Konfederasiyasında görüşlər keçirən AGF rəsmiləri ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə edib, gələn il keçiriləcək Yay Olimpiya Oyunlarına hazırlıq işləri ilə tanış tanış olublar.
Braziliya Güləş Federasiyasının prezidenti, DGB-nin idarə heyətinin üzvü Pedro Qama Filhonun dəvəti ilə bu ölkənin yığma komandasının təlim-məşq bazasına da baş çəkən Namiq Əliyev Azərbaycan ilə Braziliya arasında ikitərəfli əməkdaşlığın perspektivlərini yüksək qiymətləndirib. Bildirib ki, Azərbaycan müxtəlif idman yarışlarının təşkilində zəngin təcrübəyə malikdir. Eyni zamanda, bütün sahələrdə olduğu kimi, idman sahəsində, xüsusilə güləşdə qazandığımız uğurlar da göz qabağındadır. Braziliya gələn il ilk dəfə Yay Olimpiya Oyunlarına ev sahibliyi edəcək. Azərbaycanda isə bu il tarixdə ilk dəfə baş tutacaq Avropa Oyunları təşkil olunacaq. Braziliyalı həmkarlarımız Azərbaycanın təcrübəsindən yararlanmaqda maraqlıdırlar. Çünki Avropa Oyunlarının yüksək səviyyədə təşkili üçün ölkəmizdə mühüm tədbirlər həyata keçirilir.
Azərbaycan Güləş Federasiyasının Rio Olimpiadasında təşkil olunacaq güləş yarışlarına hər cür təşkilati dəstək verməyə hazır olduğunu vurğulayan Namiq Əliyev görülən işlərin bütövlükdə dünyada idmanın bu növünün inkişafına xidmət etdiyini bildirib.