Həyatı boyu əyalətdə yaşayan, şəhərin elitasında yer tutmağa can atan adamın sonucda məqsədinə çatdığını düşündüyü an "zadəganlar klubu"na yox, həmin zadəganların qulluqçularının əyləndikləri, çığırıb-bağırdıqları arxa həyətə düşməsi və bununla qürrələnməsi, yəqin ki, axmaq təsir bağışlayar.
 
Və ya böyük şəhərə can atan, orada tanınmaq istəyən, məşhur aktrisa olmaq istəyən qızın şəhərdə yaşamağa başlayandan sonra bordeldə işləməsi, doğulduğu kiçik qəsəbəyə yolladığı məktublarında "mən indi teatrda işləyirəm, aktrisayam: doğrudur, hərdən müştərilərlə gecələyirəm, amma bu, müvəqqətidir" yazması da yəqin ki, fəxr ediləsi məsələ sayılmaz.
 
Amma qarabağlı ermənilərin və Ermənistandakı hakim rejimin heç nə vecinə deyil.
 
Onlar Xankəndidəki separatçı rejimin Avropadakı təşkilat, alyans və fraksiyalardan istənilən birində təmsil olunmasına can atırlar.
 
Həmin "qurum" lesbiyanlarla homoseksualların liqası, təqaüddə olan kordebalet rəqqasələri ittifaqı və ya işdən qovulmuş impresariolar cəmiyyəti ola bilər.
 
Fərq etməz, təki qurumun adında "Avropa" sözü olsun və qarabağlı ermənilər də "Avropa təşkilatında təmsil olunduq" deyərək bəyanatlar versinlər.
 
Lesbiyanlar, homoseksuallar və qarabağlı separatçılar
 
"Bizi yenidən gettolara salmaq istəyənlərə, sevgi, dostluq və anlayışın nifrətlə qorxudan daha güclü olduğunu başa düşməyənlərə müqavimət göstərməliyik".
 
Bu sözlər İkinci Dünya Müharibəsi illərində yəhudi gettolarında əzab çəkmiş ailənin mənsublarından birinə, yaxud ABŞ-dakı hindu rezervasiyalarından birində yaşayan siu qəbiləsinin insanına, hətta Cənubi Afrika Respublikasındakı aparteid rejiminə qarşı mübarizə aparmış "İnkata" təşkilatının fəalına, ya da onun övladına məxsus deyil.


 
Danışan insan haqları və vətəndaş hüquqlarından bəhs etsə də, onun anlayışında insanın ən təməl haqqı inkişaf, təhsil, vətəndaş hüquqlarının tam təmin olunduğu demokratik cəmiyyətdə yaşamaq yox - öz cinsindən olan adamla cinsi əlaqəyə girmək azadlığdır.
 
İqtibas gətirdiyimiz kəlmələr Avropanın məşhur "çəhrayı"larından biri, 57 yaşlı lesbiyan Ulrika Lunaçekə məxsusdur. 1995-ci ildə böyük siyasətə gələn, Avstriya Yaşıllar Partiyasının funksionerlərindən olan Lunaçek lesbiyanlarla yanaşı, separatçıları da müdafiə edir.
 
2013-cü ildə isə o, Avropa Birliyi ölkələrində 4 yaşından etibarən "seksual tərbiyə və tədris"i nəzərdə tutan qanun layihəsi təşəbbüsü ilə çıxış etmişdi.
 
Lunaçekin başına bir dəfə yağ turşusu, bir dəfə də içi nəcis dolu badya tökmüşdülər və "məşhur" lesbiyan da üzündən nəcis axaraq verdiyi müsahibəsində hücumu "insan haqlarını qoruyanlara qarşı repressiya" adlandırmışdı.
 
2014-cü ildə isə o, Avstriyada qadın alt paltarlarını oğurlayıb kolleksiya yığan, tumanları qoxulamaqla vəcdə gəldiyini deyən Otto Matias adlı manyakı müdafiə etmiş, "bu, onun ifadə azadlığıdır" demişdi.
 
Və indi həmin Ulrika Lunaçek qarabağlı separatçıların "hüquq"larının müdafiəsinə qatılanlardan biri kimi qələmə verilir.
 
Nə olub?
 
Almaniyanın Bautgen şəhərində keçirilmiş toplantıda Avropa Azad Alyansı (European Free Alliance, EFA) Dağlıq Qarabağdakı "Arsax Demokratik Partiyası"nı sıralarına üzv qismində qəbul edib.
 
Erməni mediası sevinir və bu olayı "Dağlıq Qarabağdakı siyasi təşkilatın ilk dəfə Avropa strukturuna qatılması" kimi qələmə verir.


 
"Ermənistanın Avropadakı dostları" adlı qeyri-hökumət təşkilatının sədri Lorenso Oçoa isə vəcdə gələrək söyləyib: "Bu qərar Dağlıq Qarabağın beynəlxalq miqyasda təqdimatı ilə yanaşı, Dağlıq Qarabağdakı siyasi inkişafın Avropa Birliyi standartlarına cavab verdiyini göstərmək baxımından önəmlidir".
 
"Arsax Demokratik Partiyası" EFA ilə ötən ildən bəri əməkdaşlıq edir və Dağlıq Qarabağdakı separatçı rejimin parlamentinin spikeri Aşot Gülyan da EFA assambleyasının ötən toplantısına dəvət almışdı.
 
Rəsmi Bakının olaya reaksiyası adekvat, yəni sərt olub.
 
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan kütləvi informasiya vasitələrində Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimdən olan “partiya”nın Belçikada qeydiyyatda olan Avropa Azad Alyansına üzv olması barəsində yayılan məlumatlara münasibət bildirib.
 
H.Hacıyev qeyd edib ki, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejim Ermənistanın Azərbaycana qarşı işğal və təcavüzünü pərdələmək məqsədilə Ermənistan tərəfindən yaradılıb və ona əsassız şəkildə “öz müqəddəratını təyinetmə” donu geyindirilir: "Öz müqəddəratını təyinetmə prinsipi işğal, təcavüz və qanlı etnik təmizlmə əsasında ifadə edilə bilməz".

 
XİN rəsmisi deyib ki, Ermənistanın işğal və təcavüzü nəticəsində bir milyondan artıq azərbaycanlı qanlı etnik təmizləməyə məruz qalıb, onlar fundamental hüquq və azadlıqlardan məhrum olublar: "II Dünya müharibəsindən sonra Avropanın ən dəhşətli humanitar fəlakətlərindən biri törədilib. İşğal olunmuş ərazilərdə Azərbaycan xalqına məxsus maddi-mədəni və dini irs vəhşicəsinə talana və məhvə məruz qoyulub".
 
Onun sözlərinə görə, insan hüquqları və fundamental azadlıqlara sadiqliyini ifadə edən Avropa Azad Alyansının işğal və təcavüz və qanlı etnik təmizləmə nəticəsində yaradılmış bu qondarma rejimlə hər hansı bir əlaqəsi onun iddia etdiyi dəyərlərə ziddir və elə Avropa Azad Alyansının adına ləkədir: "İnsan hüquqları və fundamental azadlıqlardan danışıldığı halda, Avropa Azad Alyansının bu cür davranışı bu bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqlarına qarşı hörmətsizlikdir".
 
H.Hacıyev bildirib ki, işğal olunmuş ərazilər silah, narkotik maddələr, insan və orqan alveri və terrorçuların hazırlanması üçün münbit ərazidir: "Avropa Azad Alyansı ilk növbədə iddia etdiyi dəyərlərə sadiqliyini nümayiş etdirərək, bu qondarma rejimlə hər hansı bir əlaqədən çəkinməlidir".
 
Tanınmamışları tanıtmaq istəyən alyans
 
Qarabağlı ermənilər EFA-da təmsil olunmalarını "siyasi uğur" sayır, Yerevan isə bunu az qala bayram edir.
 
Fəqət bu sevincin gerçək səbəbi varmı?
 
Çətin.
 
1979-cu ildə Avropa Parlamentinə keçirilmiş seçkilərldən başlayaraq regionallar və separatçılar bu qurumda təmsil olunublar. Həmin seçkilərdə 5 separatçı siyasi təşkilat - Şimali İrlandiya Sosial-Demokrat Fəhlə Partiyası, Şotlandiya Milli Partiyası, Flamandiya Xalq İttifaqı, Valloniya Frankofonların Demokratik Cəbhəsi və Cənubi Tirol Xalq Partiyasının təmsilçiləri deputat mandatlarına yiyələndilər.
 
1981-ci ildə Avropadakı bəzi separatçı partiyalar panavropa siyasi alyansı yaratmaq üçün bir quruma cəmləşdilər və həmin təşkilatın adı da Avropa Azad Alyansı (European Free Alliance, EFA) oldu. Amma yalnız 8 il sonra, 1989-cu ildə Avropa Parlamentinə keçirilən seçkilərdə EFA üzvləri birləşmiş qrup, fraksiya qura bildilər.


 
Həmin il separatçıların yaratdıqları fraksiya həm də "Rainbow Group" adlanırdı.
Qrup Avropa Parlamentinin 3 italyan üzvündən ("Lega Nord" və Sardiniya Hərəkat Partiyası), Avropa Parlamentinin 2 ispan mənsubundan (Bask Millətçi Partiyası və Əndəlüs Partiyası), habelə Avropa Parlamentinin Belçika (Flamandiya Xalq İttifaqı), Fransa (Korsika Xalqı İttifaqı), Britaniya (Şotlandiya Xalq Partiyası) və İrlandiyanın ("İndependent" Partiyası) hər birindən 1 "avrodeputat"dan ibarətdi.
 
EFA indi Avropa Parlamentində Avropa Yaşıllar Partiyası ilə birgə "European Greens–European Free Alliance" qrupu yaradıb.
 
2004-cü ildən bəri EFA özünü partiya elan edib.
 
EFA-nın fəaliyyəti bütünlüklə Avropadakı separatçıların, regionalçıların, müxtəlif ölkələrdəki mərkəzi hakimiyyətlərə qarşı çıxanların, hətta ekstremistlərin dəstəklənməsindən ibarətdir.
 
Avstriyada slovenlərin (Enotna Lista), Belçikada flandriyalıların (Yeni Flamandiya Alyansı); Bolqarıstanda makedonların (İlinden-Pirin); Britaniyada Kornuoll (Kornuollun Oğulları), Uelsin (Uels Partiyası) və Şotlandiyanın (Şotlandiya Milli Partiyası); Almaniyada lujislilərin (Lausitzer Allianz), frizlərin və danimarkalıların (Cənubi Şlezviq Seçiciləri); Yunanıstanda makedonların (Vinozhito Rainbow Party); Danimarkada almanların (Şlezviq Partiyası); İspaniyada baskların (Aralar Bask Ölkəsi), qalisiyalıların (Bloque Nacionalista Galego), araqonluların (Chunta Aragonesista) katalonların (Kataloniya Solçu Respublika Partiyası), əndəlüslülərin (Əndəlüs Partiysı), balearlıların (PSM-Entesa); İtaliyada vallelilərin (Liberté-Participation-Écologie), venesiyalıların (Liga Veneta Repubblica), sardiniyalıların (Partido Sardo d'Azione), slovenlərin (Slovenska Skupnost), Cənubi Tirolun (Südtiroler Freiheit); Hollandiyada frizlərin (Fryske Nasjonale Partij); Polşada sileziyalıların (Ruch Autonomii Śląska); Slovakiyada macarların (Magyar Kereszténydemokrata Szövetség); Finlandiyada alandların (Ålands Framtid); Fransada savoyların (Mouvement Région Savoie), oksitanların (Partit Occitan), elzaslıların (Unser Land), korsikalıların (Partitu di a Nazione Corsa), bretanlıların (Union démocratique bretonne) və katalonların (Unitat Catalana); Çexiyada moravların (Moraviyalılar Partiyası), Xorvatiyada riekalıların (Rieka Uğrunda Siyahı), Latviyada isə rusların (Latviya Rus İttifaqı) tam muxtariyyətini, əksər hallarda isə "dövlət müstəqilliyi və suverenliyini" tələb edən EFA Avropa ölkələrində separatçı qurum kimi tanınır.


 
Avropa Birliyi tolerantlıq, siyasi fəaliyyət azadlığı, vətəndaş hüquqları və insan haqları prinsiplərinə sadiq qaldığını, bu dəyərləri dəstəklədiyini göstərmək üçüni EFA-nın fəaliyyətini, orada cəmləşən qurumların işini yasaqlamır.
 
Daha doğrusu, yasaqlaya bilmir: bəhs etdiyimiz prinsiplər buna mane olur.
 
Qarabağlı ermənilər Xankəndidəki separatçı rejimin "qanuniləşdirilməsi", beynəlxalq birlik tərəfindən tanınması üçün illərdən bəri çalışırlar. Onların məntiqinə görə, hətta ən mənasız, paradoksal, nüfuzu olmayan strukturda təmsil olunmaq sonrakı "tanınma"ya aparan yolda ilk addımlar sayıla bilər.
 
Avropadakı separatçıların alyansı kimi tanınan EFA-ya qarabağlı ermənilərin "partiya"sının üzv qismində qəbul edilməsi, şübhəsiz, ciddi siyasi olay kimi qəbul olunmaya da bilər.
 
Lakin ermənilərin öz yalanlarını həqiqət təki qələmə vermək cəhdlərində nə qədər hiyləgər, fəndgir və inadkar olduqlarını unutmayaq.
 
EFA öz-özlüyündə Avropada qeyri-ciddi, radikal və aqressiv struktur sayıla bilər.
 
Fəqət bu, bizə yaşananları laqeydcəsinə seyr etməyə haqq vermir.


 
Qarabağlı ermənilərin partiyası seksual azlıqlardan tutmuş, separatçılaradək ən geniş spektrdə "əzilən hüquqların müdafiəsi" ilə məşğul olan struktura qatılırsa, bunun sonrakı fəsadlarının yaşanmaması üçün Xankəndidəki terrorçu rejimin Avropada hər hansı formada təşkilatlara qəbulunun qarşısı alınmalıdır.
 
Əks təqdirdə seksual azlıqlar və qeyri "siyasi aktiv elementlər" hesabına da olsa, Xankəndidəki rejim legitimləşmə cəhdlərini aktivləşdirəcək.
 
...Avropa Parlamenti avropalılar üçün ümumi, birgə ev qurmaq niyyətində yaradıldığını bəyan edir. Separatçılıq isə bu evə yağan daşlardır ki, gərəkən tədbirlərin görülməyəcəyi halda divarlarının daşları səpələnən ev həmin daşların altında qala bilər.
 
Qarabağlı ermənilər o evə bir daş da atdılar. Amma o daş, dəlinin quyuya atdığı daş olmasın ki, yüz ağıllı çıxara bilməsin.

Orxan Hun
Milli.Az