Sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda ənənəvi beynəlxalq turnir başlayıb. Bu dəfəki turnir iyun ayında Bakıda keçiriləcək ilk Avropa Oyunlarının güləş yarışlarına test xarakteri daşıyır.
Metbuat.az-ın xəbərinə görə, turnirdə Azərbaycan pəhləvanları ilə yanaşı, Ukrayna, İran, Özbəkistan, Gürcüstan, Slovakiya, Türkmənistan, Macarıstan, Qazaxstan, Qırğızıstan, Rusiya, Belarus və Türkiyə güləşçiləri iştirak edir.
İlk yarış günündə yeniyetmələr arasında yunan-Roma güləşi üzrə 92 pəhləvan mübarizə aparıb. Azərbaycan güləşçiləri ilk yarış günündə 3 qızıl, 8 gümüş və 9 bürünc medal qazanıb. Komanda hesabında yığmamız birinci olub. İkinci yerdə İran, üçüncü yerdə isə Gürcüstan komandası qərarlaşıb.