Bərdə rayonunda gecə saatlarında evə basqın edən şəxslər ev sahibi ilə əlbəyaxa olublar. Zərərçəkənin yaxınlarının səsə gəlməsindən sonra soyğunçular qaçmağa müvəffəq olublar.
Hadisə rayonun Türkman kəndində baş verib. Kənd sakini Əliyev Çingiz Əli oğlunun bildirdiyinə görə, gecə saat 3 radələrində onun evinə tanımadığı şəxslər tərəfindən basqın edilib. Evə daxil olanlar heç bir şey soruşmadan ona qarşı fiziki zor tətbiq ediblər. Çağırılmamış qonaqlar ev sahibinə bıçaqla yüngül xəsarətlər yetiriblər. Basqın edən şəxslər qaçarkən onlara məxsus gödəkçə və bir ədəd bıçaq evin həyətində düşüb.
Şahidlərin bidirdiklərinə görə, basqınçılar qonşuların oyandığını görüb qaçıblar. Yalnız bundan sonra zərərçəkən Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Zərərçəkən isə onu gecə saatlarında evində öldürməyə cəhd edənlərin kim olduğunu bilmədiyini deyir: "Qapını açdım, yumruqla alnıma vurdular. Birinin xirtdəyindən tutdum, məni 2 nəfər itələyib içəri saldı. Yarım saat onlarla güləşdim evin içində".
Bərdə Mərkəzi Rayon Xəstəxanasından bildirilib ki, zərərçəkənə müvafiq tibbi yardımlar göstərilib. Hazırda onun vəziyyəti qənaətbəxşdir. Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb. Araşdırmalar aparılır.
Region TV
Videonu izləmək üçün şəklə klikləyin.

