"Bu günlərdə Bakının marketlərindən birində təsadüfən zeytun yağı şüşəsini yerə salıb qırdım. Marketin administratoru qırılmış məhsulun pulunun ödənilməsini tələb etdi. Əks təqdirdə mühafizəçilərin məni mağazadan çölə buraxmayacaqlarını dedi. Şüşəni qəsdən qırmadığımı nə qədər izah etməyə çalışsam da, məni dinləmədi".

Milli.Az xəbər verir ki, bu sözləri Day.Az saytına oxuculardan biri yazıb.

İstehlakçı belə hallarda mütləq pulu ödəməlidir, yoxsa onu xilas edəcək məqamlar var?

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, belə hallar marketlərdə tez-tez təkrarlanır. Heç kim bundan sığortalanmayıb. Yerli qanunvericiliyə əsasən, başqasının əmlakına ziyan vuran şəxs zərəri ödəməlidir. Hətta şüşə qəsdən sındırılmayıbsa belə, dəymiş zərəri ödəməlidir.

Eyyub Hüseynovun sözlərinə görə, marketlərdə bu cür hadisələr baş verərkən hər dəfə müştəri günahkar olmur.
 
"Hazırda marketlərdə piştaxtalar arasında məsafə normalarına əməl edilmir. Market rəhbərləri piştaxtaları bir-birinə mümkün qədər yaxın etməyə çalışırlar ki, daha çox əraziyə mal vura bilsinlər. Təhlükəsizlik qaydalarına əsasən, ticarət müəssisələrində piştaxtalar arasında məsafə 1.4 metrdən az olmamalıdır. Əgər bu normalar pozulursa, istehlakçının günahı da azalır. Çünki belə hallarda market özü məhsulların zərər görməsi riskini artırır", - o əlavə edib.

Milli.Az