Azərbaycanda ahıl şəxslərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həm sosial xidmət müəssisələrinin fəaliyyəti təkmilləşdirilir, həm də günərzi qayğı xidmətləri genişləndirilir.

Metbuat.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsi bu sahədə ölkənin ən uzunmüddətli sosial xidmət ocaqlarından biridir.

Müəssisə 1964-cü ildən fəaliyyət göstərir. Müxtəlif illərdə 10 saylı Qocalar və Əlillər Evi, Müharibə və Əmək Əlilləri üçün Pansionat, Pensiya yaşına çatmış şəxslər üçün Sosial Xidmət Müəssisəsi kimi fəaliyyət göstərən müəssisə 2020-ci ildən Ahıl şəxslər üçün sosial xidmət müəssisəsi adı ilə fəaliyyətini davam etdirir.

Son illərdə müəssisədə əsaslı yenidənqurma işləri aparılıb və müasir şərait yaradılıb. Burada 170 yerlik, 5 mərtəbəli yeni korpus istifadəyə verilib. Otaqlar soyuducu, televizor və digər zəruri məişət avadanlıqları ilə təmin olunub. Sakinlərin asudə vaxtının səmərəli təşkili üçün kitabxana, idman zalları və əl işləri emalatxanaları da yaradılıb.

Müəssisə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşir.

Müəssisəyə ahıllıq səbəbindən özünə qulluq etmək imkanı olmayan, onlara qulluq göstərə biləcək əmək qabiliyyətli qohumu və ya qanuni nümayəndəsi olmayan şəxslər qəbul edilir. Müraciət şəxsin özü, qohumları, qanuni nümayəndələri, bələdiyyələr və ya qeyri-hökumət təşkilatları tərəfindən edilə bilər.

Müraciət zamanı şəxsiyyəti təsdiq edən sənəd, sağlamlıq haqqında tibbi arayış, əlilliyi təsdiq edən sənəd (olduğu halda), yaşayış yeri üzrə qeydiyyat arayışı və 3x4 ölçüdə iki fotoşəkil təqdim olunmalıdır.

Sənədlər Sosial Xidmətlər Agentliyinin filiallarına və ya DOST mərkəzlərinə təqdim edildikdən sonra 10 iş günü ərzində sosial qiymətləndirmə aparılır. Bundan sonra Agentlik 5 iş günü ərzində şəxsin müəssisəyə yerləşdirilməsi barədə qərar qəbul edir.

Bununla yanaşı, Sosial Xidmətlər Agentliyinin sosial sifarişləri çərçivəsində Bakı, Gəncə, Sumqayıt şəhərləri, həmçinin Lənkəran, Qazax və Tovuz rayonlarında ahıllar üçün günərzi qayğı mərkəzləri fəaliyyət göstərir.

Bu mərkəzlərdə tənha ahıllara sosial-məişət, sosial-psixoloji, sosial-hüquqi və sosial-mədəni xidmətlər göstərilir. Hazırda əmək qabiliyyətli ailə üzvləri ilə birgə yaşamayan 200-ə yaxın ahıl günərzi qayğı mərkəzlərinin xidmətlərindən istifadə edir.

Beləliklə, ölkədə ahıl şəxslərin sosial müdafiəsi həm stasionar sosial xidmət müəssisələri, həm də günərzi qayğı mərkəzləri vasitəsilə təmin olunur və yaşlı insanların daha rahat, təhlükəsiz və fəal həyat sürməsinə dəstək verilir.

Gülbəniz Hüseynli / Metbuat.az