Azərbaycan xalqı öz zəngin adət-ənənələri ilə yanaşı, qədim sənət nümunələri ilə də digər xalqlardan seçilir. Əcdadlarımızdan bizə miras qalan, bu günə qədər gəlib çatan çoxlu belə nümunələri sadalamaq olar. Doğrudur, dünyada baş verən sürətli inkişaf fonunda bir çox sənət növləri unudulmaq üzrədir. Bunlardan biri də basmanaxış və qələmkarlıqdır.

İpək parça üzərinə həkk olunan sənət əsəri... Əvvəlcə kağız üzərində çizgilər çəkilir, sonra naxış formasında qəlib hazırlanır. Bu sənətkarlıq nümünəsi öz yüksəliş dövrünü Səfəvilər hökmdarı şah İsmayıl Xətainin dövründə yaşayıb. Xəttat və nəqqaşlar şah sarayında yaşamaqla xüsusi himayə olunublar. Hazırda basmanaxış və qələmkarlıq sənətinə maraq xeyli azalsa da, Şamaxıda bu sənəti yaşadanlar var. Qəlibin hazırlanması sizə heç də asan gəlməsin. Qəlib materialı kimi seçilən mis müxtəlif proseslərdən keçir. Bir əsər üçün hazırlanan qəlib ikinci əsərdə istifadə olunmur.

Yəni hər əsər üçün fərqli qəlibin hazırlanması mütləqdir. İpək parça üzərinə naxış vurmaq üçün müxtəlif boyalardan istifadə olunur. Parçanın hər bir qarışı xüsusi zövqlə rənglənir. Sonda gözəl bir sənətkarlıq əsəri ərsəyə gəlir. Qiymətlərə gəlincə isə hər bir əsər təqribən 100 manatdan alıcılara təklif olunur. Daha çox xarici turistlər bu sənətkarlıq nümunələri ilə maraqlanırlar. Ancaq usta bu əl işlərinə yerlilər arasında tələbatın olmadığından gileylənir. Kanal S (Region TV) xəbər verir ki, əsərlərini evində sərgiləyən usta Rafiq öz işini çox sevdiyini, bu sənətin yaşadılaraq gələcək nəsillərə ötürülməsinin vacib olduğunu deyir.

Milli.Az