“Bu gün tərəfdaşlarımızla birlikdə Muzey Mərkəzində həyata keçirilən möhtəşəm layihənin açılışını edirik.Böyük qürur hissi keçiririk ki, mədəniyyət ocağımızda, bu dəyərli sənət məkanında dəstəyimizlə geniş ekspozisiya sahəsi əsaslı şəkildə təmir olunub".

Bu fikirləri Metbuat.az-a açıqlamasında BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə şirkətxarici kommunikasiyalar və mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı deyib.

Mətbuat xidmətinin rəhbəri əlavə edib ki, muzey yenidən qurulub və müasir avadanlıqlarla təchiz edilib. İşıqlandırma və görüntü sistemləri tamamilə yenilənərək beynəlxalq muzey standartlarına uyğunlaşdırılıb.

"Burada 300 kvadratmetrdən artıq sahəni əhatə edən beş sərgi zalı fəaliyyət göstərəcək. Bu zallarda Azərbaycan rəssamlığının şah əsərləri, o cümlədən görkəmli sənətkarlarımız Səttar Bəhlulzadə, Tahir Salahov, Mikayıl Abdullayev, Ömər Eldarov və digər tanınmış müəlliflərin əsərləri daimi ekspozisiyada nümayiş olunacaq. Ziyarətçilər bu əsərlərlə yaxından tanış olmaq və onların bədii-estetik dəyərini hiss etmək imkanı qazanacaqlar".

Tamam Bayatlı qeyd edib ki, təmir edilən bu beş sərgi zalı beynəlxalq muzey standartlarına cavab verir:

"Dünyanın aparıcı muzeylərində rast gəlinən müasir ekspozisiya məkanları ilə müqayisə oluna biləcək bu zalların yaradılması bizim üçün böyük qürur mənbəyidir. Sevinirik ki, bu layihə ilə Muzey Mərkəzinə dəyərli töhfə vermişik".

Gülbəniz Hüseynli / Metbuat.az