Bakı. 15 aprel. REPORT.AZ/ Azərbaycanda hərbi xidmətə getməyə hazırlaşan gənc oğurluq etdiyi üçün saxlanılıb. Sumqayıt Şəhər Polis İdarəsindən "Report"a verilən məlumata görə keçirilən əməliyyat zamanı Teymur Həmzəyev tutulub. Araşdırma zamanı T.Həmzəyevin öz qonşusu, Sumqayıt şəhəri 16 mikrorayon ev 54 a ünvanında Nərminə Xamiyevanın yaşadığı mənzildən 1100 manat nağd pul və 2235 manatlıq qızıl-zinət əşyaları oğurladığı məlum olub. Saxlanılan şəxs oğurladığı qızıl-zinət əşyalarını cəmi 850 manata satıb.
Qeyd edək ki, T.Həmzəyev bir müddət qonşusunu izləyərək onların evə gəlib-getmə saatını dəqiqiləşdirib. T.Həmzəyev qonşuları evdə olmayan vaxt mənzilə daxil olaraq oğurluq edib.
Faktla bağlı T.Həmzəyev barəsində cinayət işi başlanılıb, istintaq davam edir.