ANS PRESS xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində Rusiya Elmlər Akademiyasının (REA) müxbir üzvü, texnika elmləri doktoru, REA-nın Geofizika Xidmətinin direktoru Aleksey Maloviçko ilə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev arasında keçirilən görüşdə bildirilib.
A.Maloviçko seysmologiya və seysmik kəşfiyyat sahəsində REA-nın əldə etdiyi elmi uğurlardan danışıb, Azərbaycan seysmoloqlarının tədqiqatları və iş metodu ilə də yaxından tanış olduğunu bildirib.
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, geologiya-mineralogiya elmlər doktoru Qurban Yetirmişlinin də iştirak etdiyi görüşdə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin və Rusiya Elmlər Akademiyasının geofiziki xidmət sahəsində apardığı işlərdən söz açılıb, gələcəkdə müştərək tədqiqatların həyata keçirilməsi barədə fikir mübadiləsi aparılıb.
Görüşdə tərəflər arasında Respulika Seysmoloji Xidmət Mərkəzində qarşılıqlı anlaşma memorandumunun imzalanmasının nəzərdə tutulduğu vurğulanıb.



Mənbə
ANS PRESS