Bakı, 15 aprel, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin (BŞMTİ) daxili imkanları hesabına əsaslı təmir edilmiş Suraxanı rayonundakı Zığ qəsəbə Mədəniyyət evinin və Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 nömrəli filialının açılışı olub.
AZƏRTAC xəbər verir ki, BŞMTİ-nin rəisi Əlikram Əliyev həyata keçirilən tədbirlərin mədəniyyət işçilərinin əmək şəraitinin yaxşılaşdırılması, əhalinin asudə vaxtının səmərəli təşkili, qəsəbə sakinlərinə göstərilən xidmətin səviyyəsinin yüksəldilməsi məqsədi daşıdığını söyləyib.
Bildirilib ki, görülmüş işlər nəticəsində mədəniyyət evinin daha səmərəli fəaliyyət göstərməsi üçün əlverişli şərait yaradılıb, kitabxananın ərazisi genişləndirilib. Rəqs və dərnək otaqları, 200 nəfərlik zal əhaliyə müasir dövrün tələbinə uyğun xidmət göstərməyə imkan yaradacaq.
Zığ qəsəbə Mədəniyyət evinin əsası 1960-cı ildə qoyulub. Ümumi sahəsi 450 kvadratmetr olan binanın bir hissəsində mədəniyyət evi, digər hissəsində isə Suraxanı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 nömrəli filialı fəaliyyət göstərir.