Bakı, 11 aprel, AZƏRTAC
Aprelin 22-də Xaçmaz rayonunun Yalama qəsəbəsindəki Heydər Əliyev Muzeyində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunu, istedadlı rəssam, daşişləmə sənəti ustası Ədalət Elmanın “Tarixi yazan dahi şəxsiyyət” adlı fərdi sərgisi açılacaq.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ulu öndər Heydər Əliyev vaxtilə onun sərgisində iştirak edib, rəngarəng çay daşları üzərində yaratdığı sənət nümunələrinə böyük qiymət verib. Xaçmaz Rayon İcra Hakimiyyətinin mədəniyyət və turizm şöbəsi, Xaçmazdakı Heydər Əliyev Mərkəzinin dəstəyi ilə təşkil olunan sərgidə əsasən ümummilli liderə həsr olunmuş əl işləri nümayiş olunacaq. Bunlarla bərabər, sərgidə Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevaya həsr olunmuş əsərlər də yer alacaq.
Sərgidə nümayiş olunacaq əl işləri sırasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da daş üzərində rəsmi var.
“Tarixi yazan dahi şəxsiyyət” adlı sərgidə, həmçinin Azərbaycanın görkəmli şəxsiyyətlərinin - Nəriman Nərimanov, Üzeyir Hacıbəyli, Hüseyn Cavid, Mir Cəlal Paşayev, İlyas Əfəndiyev, Məhəmmədhüseyn Şəhriyar, Həsən bəy Zərdabinin də çay daşlarının üzərinə köçürülmüş obrazları nümayiş etdiriləcək.
Sərgi Ədalət Elmanın ikinci fərdi sərgisidir. Rəssamın yaradıcılığında əsasən Azərbaycan xalqının tarixi keçmişi, bu günü və sabahı öz əksini tapıb.
