"Tərkedilmiş" filminin yaradıcı heyətindən Kamal Huseynovun müsahibəsi.

- Kamal bəy, ixtisasınız?

- "Business Administration" bitirmişəm. İndi London School of Economics and Political Science Universitetində "Public Administration" oxuyuram.

- İkinci təhsiliniz kinematoqrafiya ilə bağlı deyil amma…

- Xeyr,mənim kinematoqrafiyaya bağlılığım yalnız tamaşaçı səviyyəsində olub, “Tərkedilmiş” filminə bağlılığım isə, sadəcə filmə azərbaycanlı aktyorların da dəvət olunduğunu bilib, həmvətənlərimə dəstək olmağı qərara aldım. Biz azərbaycanlılar hər bir sahədə olduğu kimi, aktyorluq sahəsində də inkişaf edirik və həm İstanbulda, həm də Bakıda keçirilən qalalar göstərdi ki, bizim aktyorların ustalığı və peşəkarlığı heç də turk aktyorlarından geri galmır, bu filmdə hətta üstələyirlər (gülür).

- Yəni istedadlı azərbaycanlıları dəstəkləməyi özünüzə borc bildiniz?

- Hər bir azərbaycanlının hər bir halda istedadlı və ya istedadsız azərbaycanlıya dəstək olması hamımızın müqəddəs borcudur. Bundan sonra da istedadlarımızı üzə çıxarmaqda kömək edəcəyəm, bu yalnız kino deyil, hər bir sahəyə şamil edilə bilər.

- Deyəsən, patriotsunuz?

- Mən də hər bir gənc azərbaycanlı kimi, ulu öndərimizin sözünü təkrarlamaqdan qürur duyuram: ”Mən fəxr edirəm ki, azərbaycanlıyam”.

- “Tərkedilmiş” filmindən maddi mənada gözlədikləriniz var?

- Filmdən qazandıqlarımız Könül xanım və Kamranı Türkiyə publikasına tanıtdırmağımız oldu. İstanbulda keçirilən qalada filmə baxdıqdan sonra Türkiyə jurnalistlərinin hər iki aktyorumuza göstərdiyi diqqəti görmək lazım idi. Sizin sayta təşəkkür edirəm ki, yanımızda oldunuz, bütün olanları işıqlandırdınız. Sadaladıqlarım maddiyyatdan daha böyük uğurdur bizim üçün!

- Sizə prodüser demək olar?

- Heç bir halda! Mən nəinki prodüser, hətta kino aləmindən uzaq biriyəm. Sadəcə aktyorlarımızın, Azərbaycanımızın adını yüksəklərə qaldıracaqlarına inandığımdan dəstək olmuşam!

- Dediklərinizdən bəlli olur ki, dəstək anlamında, deyəsən, yolunuz uzundur?

- Bəli, uzun yolun başlanğıcındayıq və Allahın köməyi ilə millətimizə, həmvətənlərimə yardım etməkdə davam edəcəyəm.

- Maraqlı müsahibəyə görə təşəkkürlər!

- Mən sizə təşəkkür edirəm!

Milli.Az