Tbilisi, 10 aprel, AZƏRTAC
Aprelin 11-də Tbilisidə idmanın ağırlıqqaldırma növü üzrə Avropa çempionatı keçiriləcək.
Çempionatda 30-dan çox ölkədən, o cümlədən Azərbaycandan idmançılar mübarizə aparacaqdır.
Azərbaycan bu çempionatda 2-si qadın, 4-ü kişi olmaqla 6 idmançı ilə təmsil olunacaq.
Azərbaycan milli yığmasının məşqçisi, beynəlxalq dərəcəli idman ustası, əməkdar məşqçi Xanlar Nəbiyev AZƏRTAC-ın müxbirinə müsahibəsində deyib ki, atletlərimiz bu çempionata ciddi hazırlaşıblar. Onlar çox ciddi təlim məşqləri keçiblər, inanırıq ki, bu çempionatdan qələbə ilə ayrılacağıq və Vətənə medalla qayıdacağıq.
Qeyd edək ki, yarışda Azərbaycanı qadın pəhləvanlardan Boyanka Kostova (53 kq), Anastasiya İbrahimli (“Zirvə” İK, 69 kq), kişilərdən isə Elmar Alıyev (56 kq), Valentin Xristov (62 kq), Əfqan Bayramov, İvan Stoitsov (hər ikisi – 77 kq) təmsil edəcəklər.
Komanda yarışda baş məşqçi Miroslav Çoros, məşqçilər Nizami Paşayev, Xanlar Nəbiyev və Hafiz Süleymanovun rəhbərliyi ilə iştirak edəcək.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi