Teatrın mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, daha sonra tamaşanı izləyən Bakı şəhəri Yasamal rayonu 53 saylı tam orta, Xətai rayonu 171 saylı orta və Nizami rayonu 328 saylı məktəblərinin müəllim və şagird kollektivi çıxış edərək teatrın rəhbərliyinə və ayrı-ayrılıqda hər bir aktyora öz təşəkkürlərini bildirərək aktyorlara suallar ünvanlayıblar.
Yasamal rayonu 53 saylı tam orta məktəbin direktoru Firəngiz Həsənova çıxış edərək Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yürütdüyü uğurlu repertuar siyasətinin məktəblilərin tərbiyəsindəki rolundan, uşaq və gənclərdə teatra olan sevginin artırılması istiqamətində həyata keçirilən tədbir və layihələrdən, rəhbərlik etdiyi məktəbin sözügedən teatrla uzun illik səmərəli əməkdaşlığından danışıb.
Məlumat üçün bildirək ki, quruluşçu rejissoru Azərbaycan və Kalmıkiya Respublikalarının əməkdar incəsənət xadimi Bəhram Osmanov olan tamaşanın quruluşçu rəssamı əməkdar rəssam İsmayıl Məmmədov, bəstəkarı Cəmalə Nəsirovadır.
Tamaşada əsas rolları aktyorlar Günel Məmmədova (Sarıköynək), Elnur Kərimov (Valeh), xalq artistləri Tariyel Qasımov (Muradzadə), Yasin Qarayev (Baləmi), əməkdar artistlər Naibə Allahverdiyeva (Simuzər), Lətifə Əliyeva (Güllübəyim), Qəmər Məmmədova (Ceyran) və başqaları ifa ediblər.
Yeniyetmə və gənclərə teatr sevgisinin aşılanması, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması məqsədilə həyata keçirilən layihə çərçivəsində Teatrda yaxın günlərdə Xəzər rayonunda fəaliyyət göstərən bir sıra məktəblərlə bu tip tədbirlərin keçirilməsi nəzərdə tutulur.
Milli.Az







