Bakı, 9 aprel, AZƏRTAC
Dünya şöhrətli Viktoriya və Albert Muzeyinin (Böyük Britaniya) direktoru Martin Rot aprelin 9-da Bakıya gəlib. Səfər çərçivəsində M.Rot Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşüb.
Viktoriya və Albert Muzeyinin direktoru Martin Rot Azərbaycan Xalça Muzeyində də olub. Qonağa məlumat verilib ki, xalçaçılıq sənətinin əsas bədii istiqamətlərini əks etdirən muzey ekspozisiyası xalçalara məxsus unikal gözəlliyin, materialın, yaradılma texnikasının, nəfis və dərin bədii xüsusiyyətlərin harmoniyasını nümayiş etdirir. Bildirilib ki, muzeyin “qızıl fondu”nu xovlu xalçalar təşkil edir. Burada Azərbaycanın 7 əsas xalçaçılıq məktəbi – Quba, Bakı, Şirvan, Gəncə, Qazax, Qarabağ və Təbriz xalçaçılıq məktəbləri təmsil olunub. Xalçalar insan, heyvan, quş təsvirləri ilə, bitki ornamentləri və xalqın həyatını əks etdirən süjetli motivlərlə bəzədilib.
Qeyd edilib ki, muzeyin kolleksiyasında xovsuz xalçaların nadir nümunələri də təmsil olunub.
Qonağa bildirilib ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük əməyi sayəsində 2010-cu ildə milli xalçaçılıq sənəti UNESCO-nun “Bəşəriyyətin qeyri-maddi mədəni irsinin Reprezentativ siyahısı”na daxil edilib. Noyabrın 16-da isə ölkəmizdə Azərbaycan Xalçası Günü qeyd edilir.
Muzeydə quraşdırılmış xüsusi monitorda dünya kolleksiyalarındakı Azərbaycan xalçaları, Avropa sənətkarlarının əsərlərində onların əks etdirilməsi nümayiş olunur. Burada həmçinin Viktoriya və Albert Muzeyinin kolleksiyasında saxlanılan məşhur “Şeyx Səfi” xalçasının reproduksiyası vardır. Muzeyin ekspozisiyasında nümayiş etdirilən və ehtiyat fondlarında saxlanılan xalçalar arasında XVII, XVIII, XIX və XX əsrlərdə yaradılmış məşhur kompozisiyaları görmək olar.
Martin Rot Rəy kitabına ürək sözlərini yazıb.
Azərbaycan Xalça Muzeyi qonaqda böyük təəssürat oyadıb.
Muzeyin direktoru Röya Tağıyeva Martin Rota xatirə hədiyyələri təqdim edib.
Qeyd edək ki, Azərbaycan Xalça Muzeyi ölkəmizin mədəniyyətini, xüsusən milli xalçaları fəal təbliğ edir. Xalça Muzeyi dünyanın ən aparıcı muzeylərindən biri olan Viktoriya və Albert Muzeyi ilə əlaqələrin genişləndirilməsini, birgə layihələr təşkil edilməsini, təcrübə mübadiləsi, diskussiyalar və c. keçirilməsini planlaşdırır.