Bakı, 9 aprel, AZƏRTAC
Təhsil Nazirliyinin “Vətən” Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin üç komandası Türkiyənin Alanya şəhərində “FİFA Grassroots” proqramı çərçivəsində təşkil edilən “Turkish Holidays. Spring Edition” beynəlxalq futbol turnirində iştirak edib.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, “Evima” şirkəti tərəfindən keçirilən turnirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, İtaliya, İspaniya, Rusiya, Bolqarıstan və Gürcüstandan 42 komanda səkkiz yaş qrupu üzrə mübarizə aparıb. Azərbaycanı 42 nəfərlik futbolçu heyəti ilə təmsil edən “Vətən”in yetirmələri 11, 12 və 13 yaşlı idmançıların qarşılaşmasında qüvvələrini sınayıblar.
Komandalarımız bir həftə ərzində müxtəlif ölkələri təmsil edən rəqiblərlə mübarizə aparıblar. Onların arasında İspaniyanın “Selta Viqo”, Türkiyənin “Beşiktaş” komandaları da olub. Turnirin 12 və 13 yaşlılar qrupunda komandalarımız dördüncü yeri tutublar.
Qeyd edək ki, beşinci dəfə keçirilən festivala “Vətən” futbol məktəbinin komandaları ötən il də qatılıblar. İdmançılarımız bu il daha uğurlu çıxış ediblər.