Bakı, 9 aprel, Zərəngiz Mansurova, AZƏRTAC
Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda Gənc Ədiblər Məktəbi dinləyicilərinin “Ulduz” jurnalının poeziya şöbəsinin rəhbəri, şairə Fərqanə Mehdiyeva ilə görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, AYB-nin katibi Rəşad Məcid Fərqanə Mehdiyevanın yaradıcılğı haqqında məlumat verib. Adi həyat lövhələrini poeziyaya gətirən Fərqanə Mehdiyeva 80-ci illərdə mətbuata gəlib. Şairənin “Anamın təndiri” şeiri milli bədii düşüncənin məhsulu kimi bəyənilib, onun “Çəkdiklərim mənə bəsdir”, “Deyirlər şirindi dünya”, “Payızın yanında gözlərsən məni”, “İkimiz darıxsaq” və başqa kitabları ədəbi ictimaiyyətin rəğbətinə səbəb olub.
Tədbirdə tənqidçi Əsəd Cahangir Fərqanə Mehdiyevanın yaradıcılığı, şəxsiyyəti haqqında ürək sözlərini bölüşüb.
Gənc Ədiblər Məktəbinin katibi Emin Piri və digər üzvlər çıxış edərək Fərqanə Mehdiyeva yaradıcılığına rəğbətini bildirib, şairəyə bəzi suallar ünvanlayıblar.
Görüşdə çıxış edən Fərqanə Mehdiyeva hazırda ədəbi yaradıcılıq yollarında ilk addımlarını atan gənclərə göstərilən qayğıdan, onlara yaradılan şəraitdən bəhrələnməyi tövsiyə edib, ədəbi proses haqqında öz fikir və düşüncələrini gənclərlə bölüşüb, onları maraqlandıran sualları cavablandırıb.
Sonda Fərqanə Mehdiyeva görüşün təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.