Azərbaycan Premyer Liqasında 29-cu turun görüşləri keçirilib.
Metbuat.az-ın xəbərinə görə, turun bütün oyunları bu günə planlaşdırılmışdı.
Turun mərkəzi qarşılaşması Lənkəranda keçirilib. Burada əzəli rəqiblər - "Xəzər Lənkəran" və "Neftçi" üz-üzə gəlib. Ardıcıl 6 matçdı “Böyük oyun”lardan qolsuz ayrılmayan paytaxt klubu son 7 qarşılaşmadan hər birində ən azı 1 xal qazanmışdı. 8 ildi öz meydanında uduzmayan “Xəzər Lənkəran” ardıcıl 11 ev matçında xal qazanmışdı. Cənubluların meydanındakı son 3 görüşdə heç-heçə qeydə alınmışdı.
Oyunda hesabı qonaqlar açıb. Julius Vobay sabiq komandasını məyus edib. Ardından Erik Ramos hesab arasındakı fərqi ikiyə çıxarıb. Sanko qırmızı vərəqə ilə cəzalandırılan zaman yəqin ki, hamı bir anlıq matçın bitdiyini düşünsə də, hər şey əksinə olub. 10 nəfərlə qalmasına baxmayaraq toparlanan "Xəzər Lənkəran" Rahid Əmirquliyev və Manuel Skarlatakenin qollarıyla tarazlıq yaradıb. Matç elə bu hesabla da yekunlaşıb: 2-2.
Premyer Liqanın lideri "Qarabağ" bu tur evdə AZAL-ı qəbul edib. Ardıcıl 5 oyunda rəqibinə qalib gələn Ağdam klubu 6 matçdı meydanı qolsuz tərk etmirdi. AZAL isə son 3 səfərdə rəqib qapısına yol tapa bilməmişdi.
Ağdam təmsilçisi 10-cu dəqiqədə hesabda geri düşüb: Seymur Əsədov fərqlənib. Ancaq çox keçmədən Leroy Corc status-kvonu bərpa edib. 50-ci dəqiqədə fərqlənən Vüqar Nadirov yekun hesabı müəyyənləşdirib: 2-1.
"Sumqayıt" evdə "Bakı"nı qəbul edib. Komandaların son 5 oyununda 4 heç-heçə qeydə alınmışdı. Bu matçlarda bakılılar qalib gəlməmişdi. Paytaxt təmsilçisi səfərdəki son 4 qarşılaşmada qol buraxmışdı.
Bu səfər "Bakı" qapısını toxunulmaz saxlamağı bacarıb. Ancaq digər tərəfdən "zolaqlılar" rəqib qapısına yol tapa bilməyiblər. Nəticədə tərəflər qolsuz heç-heçəyə razı olublar.
Nəhayət, tura "Qəbələ" - "Simurq" matçı ilə yekun vurulub. Eyni sayda qələbə qazanan komandaların duelində “Qəbələ” top fərqində minimal üstünlüyə malik idi. Zaqatala təmsilçisi son 3, qəbələlilərsə evdəki son 4 görüşdə qol vurmuşdu.
Oyunun ilk hissəsində hesab açılmayıb. Ruslan Abışovun 60-cı dəqiqədə vurduğu qol görüşdə yeganə olub. "Qəbələ" minimal fərqlə qələbə qazanıb.
Azərbaycan Premyer Liqası, 29-cu tur
“Xəzər Lənkəran” – “Neftçi” - 2:2
Qollar: Rahid Əmirquliyev, 63, Manuel Skarlatake, 75- Julius Vobay, 14, Erik Ramos, 25
Qırmızı vərəqə: Alfred Sanko, 33
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Mübariz Haşımov, Mahir Məmmədov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Hakim-inspektor: Əhmədağa Cabbarov
“Xəzər Lənkəran” mərkəzi stadionu
“Qarabağ” – AZAL - 2:1
Qollar: Leroy Corc, 20,Vüqar Nadirov, 50 - Seymur Əsədov, 10
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Rəvan Həmzəzadə, Rza Məmmədov
Əlavə köməkçi hakimlər: Xəlil Xəlilov, Etibar Həsənov
AFFA nümayəndəsi: Rauf Əmirov
Hakim-inspektor: Məlik Həsənov
“Bakcell Arena”
“Sumqayıt” – “Bakı” - 0:0
Hakimlər: Ramil Diniyev, Cavanşir Yusifov, Coşqun Həsənov, Nail Nağıyev
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Rövşən Əhmədov
“Kapital Bank Arena”
“Qəbələ” – “Simurq” - 1:0
Qol: Ruslan Abışov, 60
Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, Munis Abdullayev, Nahid Əliyev
Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Telman Əzizov
Hakim-inspektor: Asim Xudiyev
Qəbələ şəhər stadionu