Bakı, 9 aprel, AZƏRTAC
Azərbaycan Dövlət Musiqili Teatrında aprelin 16-da Əli Səmədlinin “Toya bir gün qalmış” komediyasının premyerası olacaq.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tamaşa xalq artisti, “Şöhrət” ordenli, milyonlarla tamaşaçının sevimlisi, komediyada əsas obrazı canlandıran Afaq Bəşirqızının 60 illik yubileyinə ithaf olunub. Gözlənilməz və maraqlı situasiyalarla zəngin olan tamaşada oğlunun toyuna bir gün qalmış vəzifəli şəxs dünyasını dəyişir. Onun həyat yoldaşı isə bunu hamıdan gizlətməyi qərara alır. Düşünür ki, ərinin ölümü toyun təxirə salınması ilə yanaşı, onların bir sıra maraqlarına da zərbə vuracaq. Beləliklə, ailə dəfn işləri ilə məşğul olmaqdansa, toy hazırlıqlarını davam etdirir. Qəfildən “ölü” ayılır, əsl həngamədə də məhz bundan sonra başlayır...
Tamaşanın quruluşçu rejissoru, əməkdar incəsənət xadimi Əsgər Əsgərov, rəssamı Nabat Səmədova, musiqi rəhbəri, xalq artisti Ənvər Sadıqov, musiqi tərtibatçısı Emin Həsənovdur. Gözlənilməz situasiyalarla dolu bu komediyada səslənən musiqiləri tanınmış qarmon ustası Ənvər Sadıqov səsləndirəcək.
Tamaşada əsas obrazları xalq artisti Afaq Bəşirqızı, əməkdar artist Ələkbər Əliyev, aktyorlar Əliməmməd Novruzov, Gülcahan Salamova, Möylə Mirzəliyev, Gültac və Hüseyn Əlililər, Elnarə Nağdəliyeva, Gülnarə Əzizova və başqaları ifa edəcəklər. Tamaşanın baletmeystrləri Yelena və Zakir Ağayevlərdir.
