Bu barədə “Report”a teatrın mətbuat xidmətindən məlumat verilib.
Yaradıcı heyət teatrın cari repertuarında olan maraqlı, günü aktual problemlərini əks etdirən yazıçı-dramaturq Əli Əmirlinin “Hasarın o üzü” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa ilə rayon ictimaiyyəti qarşısında çıxış edəcək.
Tamaşanın quruluşçu rejissoru əməkdar İncəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı əməkdar rəssam İsmayıl Məmmədov, bəstəkarı xalq artisti Səyavuş Kərimidir.
“Hasarın o üzü” tamaşasında əsas obrazları xalq artistləri Həmidə Ömərova (Humay), Nurəddin Mehdixanlı (Qərib), teatrın gənc aktrisaları Günel Məmmədova və Səbinə Məmmədova ifa edəcək.
Tamaşa bir ailə daxilində, dinə ikili münasibətdən bəhs edən kəskin konfliktli, iti süjetli səhnə versiyası olaraq düşünülmüşdür. Dinə baxış, insan mənəviyyatı, əxlaq prinsipləri, milli mentalitet və cəmiyyətin bu dəyərlərə münasibəti bir ailə çərçivəsində bütün kəskinliyi ilə bədii obrazlar vasitəsilə önə çəklilir.