Terminlər dayanıqlı da ola bilər, zaman və reallığa uyğun dəyişə də bilər. Bu baxımdan, Suriya, İraq, Liviya, Yəməndə hər gün baş verən ağır döyüşlər, Misir və hətta dünyəvi dəyərlərin hökm sürdüyü Tunisdə son aylar ərzində terror dalğasının güclənməsi ən azından regional ziddiyətlərin pik həddinə çatdığının sübutudur.
Əgər 3-5 il öncəyə qədər söhbət supergüclərin və region dövlətlərinin beynəlxalq terrora qarşı mübarizəsindən gedirdisə, indi sözügedən bölgədə müharibənin özü terrorun daha da çiçəklənməsinə və ən dəhşətlisi, İŞİD kimi qəddar və anti-İslami bir hərəkatın dövlət yarada bilməsinə aparıb çıxarmışdır. Bir sözlə, Ərəb Baharının gözləntiləri, təəccüf ki, acı reaksiyadan başqa heç nə doğurmadı.
Həmişəki kimi, ortaya konseptual suallar meydana çıxır. Proseslərin bu həddə gəlib çıxmasına aparan səbəblər hansılardır? Və hadisələrin bu həddə gəlib çıxmasında hansı aktorlar daha çox məsuliyyət daşıyır?
İstər adıçəkilən ölkələrdə, istərsə də Ukraynada baş verən hadisələr bir şeyi sübut edir. Dünyada gedən qlobal inteqrasiya proseslərinə baxmayaraq, geosiyasət, milli maraqlar, eləcə də Realpolitik anlayışları hələ də siyasi liderlərin şüurlarında dominantlıq təşkil edir. Biz “Hər şeyin arxasında duran ABŞ və onun müttəfiqləridir” fikrindən uzağıq, sadəcə, bir şeyi deyə bilərik ki, geosiyasi hadisələr elə bir məcrada inkişaf edə bilər ki, sonda müsəlman dövlətləri indikindən də acınacaqlı duruma düşə bilər. Bu səbəbdən, yaranmış problemlərinin həllində ciddi nailiyyət əldə etmək üçün elə region dövlətlərinin qarşılıqlı kompromislər əsasında razılaşma əldə etməsinə ehtiyac var. Aprelin 2-də Qərb və İran arasında imzalanan nüvə razılaşması göstərdi ki, dövlətlər lazım olanda kompromis əldə edə bilir. Bəs nədən müsəlman dövlət başçıları öz aralarında razılaşmaya gəlməsinlər?