[ 04 Aprel 2015 14:09 ]



Bakı. Könül Kamilqızı – APA. Bu gün Bakıda Türkiyə universitetlərinin təhsil sərgisi öz işinə başlayıb.

 

APA-nın xəbərinə görə, təhsil sərgisində Türkiyənin 30-a yaxın universiteti iştirak edir.

 

Sərgidə tələbələrə xaricdə yüksək keyfiyyətli təhsil imkanı, yataqxanalar və digər məsələlər barədə ətraflı məlumat verilir. Sərgidə İstanbul Universiteti , Atatürk Universiteti, Bahçeşehir Universiteti, İstanbul Aydın universiteti, Bilkent Universiteti və başqaları iştirak edir. Bu universitetlərin pulsuz təhsil imkanları haqqında təqdimat və seminarların keçirilməsi nəzərdə tutulub. 

 

Türkiyənin Azərbaycandakı səfirliyinə yeni təyin olunan təhsil müşaviri Abdulqafur Büyükfırat sərginin keçirilməsinin əhəmiyyətini qeyd edib. Onun sözlərinə görə, bu kimi təhsil sərgilərinin keçirilməsi iki ölkənin inkişaf edən təhsil əlaqələrinə təkan verməklə yanaşı, şagirdlərin və tələbələrin universitetlər haqqında daha ətraflı məlumat əldə etmələrinə şərait yaradır.

 

Qeyd edək ki, Türkiyə universitetlərinin təhsil sərgisi aprelin 7-də öz işini Gəncədə davam etdirəcək. Gəncədə keçiriləcək sərgidə digər xarici ölkələrin universitetləri də iştirak edəcək.