Fuad Nəsirovun sözlərinə görə, qardaşı 7 il ərzində Fövqəladə Hallar Nazirliyinin xilasetmə xidmətində çalışıb. Lakin sonradan səhhətində yaranan problemlə əlaqədar o, işdən çıxıb.
Belə ki, bir neçə il əvvəl Emin Nəsirovun belində şiş olub. Həkimlər onu müayinə ediblər və müalicə yazıblar. Lakin sonradan onu vəziyyəti getdikcə pisləşib. Fuad Nəsirov deyir ki, yerli həkimlər qardaşına düzgün diaqnoz qoymadıqları üçün onu İran İslam Respublikasına aparıblar. İranlı həkimlər xilasedicinin bel sümüyündə xərçəng şişi olduğunu müəyyən ediblər. Onların sözlərinə görə, əgər vaxtında bu müəyyən edilsəydi, tədbir görülərdi. Bu zaman da, onun vəziyyəti ağırlaşmazdı.
Sonradan Emin Nəsirov İranda əməliyyat olunub. Əməliyyatdan sonra Bakıya qayıdan xəstənin vəziyyəti pisləşib. Bakıda da 4 dəfə əməliyyat edilən Emin Nəsirovun vəziyyəti düzəlməyib.
"Onun analizləri Almaniyaya və İsrailə göndərilib. İsrail mütəxəssisləri analizlərin cavabını yoxlayıblar və bildiriblər ki, Emin Nəsirovu əməliyyat edə bilərlər. Lakin bunun üçün 50 min dollar xərc tələb olunur".
Nəsirovlar ailəsinin bu məbləği toplamağa imkanları çatmır. Bu səbəbdən də, vaxtilə insanların həyatını xilas edən şəxsin həyatı təhlükə altındadır. Əgər vaxtında əməliyyat olmazsa, 3 yaşlı qız övladı olan xilasedici həyatını itirə bilər.





MənbəANS PRESS