Bakı, 2 aprel, AZƏRTAC
Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində V Xeyriyyə Pasxa bazarı açılıb. Bazar Rusiya səfirliyi, “Rossotrudniçestvo” Agentliyinin Azərbaycandakı nümayəndəliyi və Rus pravoslav kilsəsinin Bakı-Azərbaycan yeparxiyası tərəfindən təşkil olunub.
RİMM-də AZƏRTAC-ın müxbirinə bildiriblər ki, Bakı şəhərinin 3 nömrəli uşaq evi və zorakılıqdan zərər çəkmiş uşaqların reabilitasiyası mərkəzi yetirmələrinin çəkdikləri rəsmlər, düzəltdikləri bəzək əşyaları, Azərbaycan xalq sənəti məmulatları və digər əl işləri tamaşaçıların diqqətinə təqdim edilib. Onları dost-tanışa hədiyyə vermək üçün almaq da olar.
Xeyriyyə Pasxa bazarının açılışında Belarus Respublikasının Azərbaycan Respublikasındakı səfiri Nikolay Patskeviç, Milli Məclisin deputatları, nazirliklərin və baş idarələrin nümayəndələri, diplomatlar, elm və mədəniyyət xadimləri, müxtəlif konfessiyaların nümayəndələri, biznesmenlər, həmvətənlər iştirak ediblər.
Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Müvəqqəti işlər vəkili Oleq Muraşev, Bakı və Azərbaycan arxiyepiskopu Aleksandr, “Rossotrudniçestvo” Agentliyinin Azərbaycandakı nümayəndəliyi rəhbərinin müavini Aleksey Konnov toplaşanları salamlayıblar.
Qonaqlar qarşısında Mixaylo-Arxangelsk məbədinin kilsə xoru çıxış edib.
İki gün – aprelin 2-də və 3-də müxtəlif tədbirlər keçiriləcək, nümayiş etdirilən məhsulların və xeyriyyə lotereyasının satışı təşkil olunacaq.
Xeyriyyə Pasxa bazarının keçirilməsindən əldə edilən vəsait valideyn himayəsindən məhrum olmuş uşaqların ehtiyaclarının ödənilməsinə yönəldiləcək.