Bakı, 1 aprel, AZƏRTAC
Azərbaycan Dövlət Musiqili Teatrında yeni uşaq tamaşasının məşqlərinə başlanılıb. Azərbaycanın əbədiyaşar sənətkarlarından biri olan Mikayıl Müşfiqin “Şəngül, Şüngül, Məngül” mənzum nağılının motivləri əsasında hazırlanan tamaşa “Dəcəl çəpişlər” adlanır.
AZƏRTAC xəbər verir ki, tamaşanın müəllifləri O. Zülfüqarov və R. Heydər, quruluşçu-rejissoru Əhəd Hacıyevdir. “Bir sıra yeni obrazların əlavə olunduğu tamaşamızın yaradıcı heyyəti əsasən gənclərdən ibarətdir. Bizlərə göstərilən bu etimad teatrımızda gənclər üçün yaradılan yüksək yaradıcı şəraitin, gənclərə göstərilən böyük diqqət və qayğının bariz nümunəsidir” deyə Əhəd Hacıyev tamaşayla bağlı danışarkən bildirib.
Qeyd edək ki, tamaşanın quruluşçu-baletmeysterləri Leyla və Zakir Ağayevlər, geyim üzrə rəssamı Yelena Almazova, rejissor-assistenti Elməddin Dadaşovdur. Əsas rolları Güldanə Əzimova, Gülçöhrə və Gülnarə Abdullayevalar, Mehriban Zalıyeva, Əlif Cahangirov, Zinyət Qurbanova, Şaban Cəfərov, Fərid Rzayev və başqaları ifa edirlər.