Gəncə sambo məktəbinin iki yetirməsi dünya kubokunda uğurlu çıxışı ilə seçilib
Gəncə sambo məktəbinin iki yetirməsi Amil Qasımovla Mövlud Mirəliyev Rusiyada dünya kubokunda uğurlu çıxışı ilə seçilib.

Kəpəz TV (Region TV) xəbər verir ki, hər iki idmançı Azərbaycan yığmasının heyətində sambonun banilərindən sayılan Anatoli Xarlampiyevin xatirəsinə həsr olunan turnirdə medalçılar sırasına düşüb. Dünyanın 35 ölkəsindən 300 samboçunun mübarizə apardığı nüfuzlu yarışda Amil Qasımov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Avropa və dünya çempionu 74 kq çəki dərəcəsində ən güclü olduğunu bir daha nümayiş etdirib.

Mövlud Mirəliyev isə turniri 3-cü yerdə başa vurub. Cüdo növündə Pekin Olimpiya Oyunlarının bürünc mükafatçısı olan Mirəliyev 41 yaşında medal qazanaraq turnirin tarixinə düşüb. Gəncliyində sambo üzrə mümkün bütün titullara yiyələnən veteran idmançı dünya kubokunda mükafatçı olmaqla Avropa Oyunlarında iştirak etmək iddiasını ortaya qoyub.

Milli.Az