Təşkilatın mətbuat xidmətinin yaydığı məlumata istinadən, 17 mart tarixində Rusiya Federasiyasının Povoljsk Dövlət Texnoloji Universiteti və Otellər və Restoranlar Assosiasiyası arasında Akademik mübadilə və Əməkdaşlıq haqqında Memorandum imzalanmışdır.

Bakıda işgüzar səfərdə olan Povoljsk Universitetinin professoru, i.e.d. Poluxina Anna Nikolayevna və Assosiasiyanın İdarə Heyətinin sədri Samir Dübəndi, sədr müavini Fuad Ağayev və təşkilatın təsisçilərindən biri olan, Azərbaycan Respublikasının Milli Məclisinin əməkdaşı Samir Səfiyev arasında görüş keçirilmişdir. Görüş nəticəsində təşkilatlar arasında əməkdaşlıq etmək razılığı əldə edilmiş, Universitetin sosial texnologiyalar fakültəsində otelçilik, turizm və servis ixtisasları üzrə təhsil alan tələbələri üçün istehsalat təcrübəsinin təşkili və keçirilməsi planları müzakirə edilmişdir. Assosiasiyanın təşəbbüsü ilə universitetin nümayəndəsi qonaqpərvərlik və turizm sahəsində fəaliyyət göstərən bir sıra elm, ictimai və biznes qurumları ilə görüşlər keçirmişdir. Səfər çərçivəsində Bakı Dövlət Universitetində də üçtərəfli görüş keçirilmişdir. Görüşdə Assosiasiyanın fəalları ilə yanaşı, BDU-nun coğrafiya fakültəsinin dekanı, professor Fərda İmanov, xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası və turizm kafedrasının müdiri c.e.n. Həbibə Soltanova, həmin kafedranın dosenti Müzəffər Ağakərimov və Povoljsk Universitetinin Bakı nümayəndəsi Anna Novikova iştirak etmişdirlər.

Assosiasiyanın idarə heyətinin sədri Samir Dübəndi qeyd edir ki, Rusiya Federasiyasının Povoljsk Texnoloji Universitetinin otelçilik, turizm və servis ixtisasları üzrə təhsil alan tələbələri arasında bir sıra həmvətənlərimiz də təhsil alırlar. Onlar təhsillərini bitirdikdən sonra Azərbaycana qayıdıb, yerli otellərin, restoranların, turizm şirkətlərinin əməkdaşları olmaq arzusundadırlar. Bu tələbələr üçün müvafiq istehsalat təcrübəsinin təşkil edilməsi təhsil prosesinin ayrılmaz hissəsi hesab edilir, peşə bilik və bacarıqlarının yaradılması və təkmilləşməsi, gələcəyin bacarıqlı və layiqli peşəkarlarının yetişdirilməsi üçün əvəzedilməz rol oynayır. Məhz bu məqsədlə və peşəkarlar, tələbələr, elm, təhsil, ictimai və biznes təşkilatlarının əməkdaşları arasında təcrübə mübadiləsinin aparılması məqsədilə Assosiasiya beynəlxalq əlaqələrini genişləndirir, yaxın gələcəkdə Rusiya Federasiyasının və digər xarici dövlətlərin təhsil müəsissələri və digər təşkilatları ilə də sazişlər əldə etməyi nəzərdə tutur.

O əlavə etmişdir ki, Assosiasiyanın təşəbbüsü ilə AHEC Azərbaycan Qonaqpərvərlik Təhsil Mərkəzi yaradılmışdır. Bu mərkəzin əsas məqsədi qonaqpərvərlik sənayesi üçün peşə təlim proqramlarını təklif etməkdir. Yalnız eyni zamanda AHEC qonaqpərvərlik və turizm ixtisasları üzrə müxtəlif pillələrdə təhsil alan tələbələrin təcrübə praktikasının təşkili ilə də yaxından məşğul olur.
Qeyd olunan təşəbbüs Assosiasiyanın məqsədlərinə cavab verir və Azərbaycanda qonaqpərvərlik və turizm sənayesinin inkişafına xidmət göstərir.