Ermənistanda indi başlıca siyasi intriqa, müxalifət partiyalarını məşğul edən məsələ Konstitusiya islahatları problemləridir. Sabiq prezidentlər Robert Köçəryan və Levon Ter-Petrosyan indiki dövlət başçısı Serj Sarkisyanın səlahiyyətlərinin başa çatmasından sonra da onun ölkəni idarə etməsinə imkan verəcək islahatların mürtəce mahiyyətindən danışır, "Yol vermərik!" deyirlər, iqtidarı az qala yüz minlərlə insanın iştirak edəcək kütləki etiraz aksiyaları ilə qorxutmağa çalışırlar.
Yalan danışırlar, çünki dediklərinin heç birini edə bilməyəcəklər.
 
Robert Köçəryanın hələ prezident olduğu dönəmlərdə yaratdığı, sonra oliqarx Qagik Sarukyanı sədr qoyaraq özünün kənardan, kölgədən idarə etdiyi "Çiçəklənən Ermənistan" Partiyasını böyük siyasətə qayıdışının əsas vasitəsi kimi görürdü.
 
ÇEP ilk əvvəl Serj Sarkisyanı tam dəstəkləyirdi: nə də olsa, S.Sarkisyan sabiq prezident Robert Köçəryanın varisi sayılırdı. Lakin sonradan Köçəryanla Sarksiyan arasında münasibətlər gərildi, Yerevandakı iqtidar keçmiş prezidenti təhdid edərək siyasətdən, ümumiyyətlə, uzaqlaşdırdı. Köçəryan qarşısında hansı şərtlər qoyulduğu, necə ultimatum səsləndirildiyi açıqlanmır, amma o, müsahibələr verməkdən qətiyyətlə boyun qaçırdı, daxili siyasi proseslərə qatılmadığını bildirdi və sonra da, ümumiyyətlə, Rusiyanın AFK "Sistema" korporasiyasının direktorlar şurasına qəbul edilərək hadisələrdən zahirən də olsa, kənarlaşdırıldı.
Həmin vaxtlarda Serj Sarkisyanın mövqeləri çox güclü idi. Ölkə müxalifəti nokaut vəziyyətində, Avropa Birliyi saxtakarlıqla da olsa, prezident seçilmiş adamın qanunsuzluqlarına göz yumurdu, Rusiya da tam dəstək vəd edirdi.
 
Lakin bir müddət sonra Serj Sarkisyanın uğursuz xarici siyasəti ilə bərbad daxili siyasətinin fəsadları birləşərək fəlakət həddinə çatanda əvvəlcə xarici ölkələrdəki erməni diasporu ona düşmən kəsildi. Diasporun qıcığı o səviyyəyə çatdı ki, Ermənistan dövlət müstəqilliyi qazandığı gündən sonra ilk dəfə ölkə prezidentinin ABŞ-a səfəri zamanı bu ölkədəki erməni diaspor qurumları etiraz piketləri keçirərək prezidenti fitə basdılar, "Rədd ol!" qışqırdılar.
Səbəb trivialdı: erməni diasporunun böyük təşkilatları Ermənistandakı hadisələrə ənənəvi təsir imkanlarından məhrum edilməklə yanaşı, onların ölkəyə yolladıqları pulları Sarkisyan iqtidarının yüksək rütbəli funksionerləri xüsusi həyasızlıqla mənimsəyirdilər.
 
Üstəlik, S.Sarkisyan erməni diasporunun ölkədəki siyasi proseslərdən sərt şəkildə, qətiyyətlə kənarlaşdırılmasına başlamışdı və bu prosesi qısa müddətdə başa vurdu.
Bir qədər keçdi, Avropa Birliyi və ABŞ Ermənistan iqtidarının Rusiyadan asılılıqdan qurtulmaq niyyətində olmadığını anlayanda siyasi dəstəyi və yardımları zəiflətdilər.
 
Daha sonra Rusiya ermənilərin rəhbərliyinin Qərblə kuluar oyunlarına dözə bilmədi və Yerevanın kölə, müti buyruq qulu olduğunu, bu funksiyaları yerinə yetirmək məcburiyyətində qaldığını vurğulayaraq Serj Sarkisyan rejiminə qulaqburması verdi.
 
Bütün bu olaylarda Qərbin və diasporun erməni müxalifətinə üümidləri az deyildi. Son prezident seçkilərində İrs Partiyasının sədri Raffi Hovvanisyanın səslərin xeyli qismini toplayaraq Serj Sarkisyanla aşkar rəqabət apara bilməsinin də "sirr"i məhz ABŞ və Avropa Birliyinin maliyyə-texniki və siyasi dəstəyi idi.
Amma gözlənilən oldu, Hovvanisyan seçkiləri uduzdu, sonra da normal əxlaqlı, praqmat siyasətçi kimi davranaraq mübarizəni qələbəyədək davam etdirmək əvəzinə Qərbin planlarını alt-üst etdi və merkantil maraqlarının təminatına can ataraq Serj Sarkisyanla kuluar sövdələşmələrə getdi.
 
ÇEP hakimiyyət koalisiyasını tərk etdi, müxalifətə keçdi və bu, partiyanın sonu oldu. Mövqelərini gücləndirmiş S.Sarkisyan nifrət etdiyi Robert Köçəryanın böyük siyasətə qayıdış niyyətini açıqlamasından sonra onu özünə ən böyük təhlükə saydı, ÇEP üzərinə hücuma keçdi.
ÇEP radikal müxalifətin lideri olmaq qərarını açıqlayandan sonra repressiyalar daha da gücləndi. Partiyanın sədri, oliqarx Qagik Sarukyanın qarşısına şərt qoyuldu: o, ya ambisiyalarından əl çəkməli, ya da varidatı və biznes strukturları ilə vidalaşmalıydı.
 
Sarukyan partiya sədrliyinə yüksələrək müxalifət liderlərindən biri sayılsa da, alverçi idi və belə də qalmışdı. O, biznesini siyasətdən üstün tutdu və siyasətdən kənarlaşdığını bildirdi.
 
Digər sabiq prezident Levon Ter-Petrosyana gəldikdə isə, onun sədrlik etdiyi Erməni Milli Konqresi (EMK) bütün iddialarına rəğmən, hələ də bitkin və səbatlı siyasi qüvvəyə çevrilə bilmədiyindən iqtidar üçün heç bir real təhlükə mənbəyi deyil.
 
Müxalifət tam neytrallaşdığından Serj Sarkisyan prezident səlahiyyətləri müddəti başa çatandan sonra da hakimiyyəti tərk etməmək üçün Konstitusiya islahatlarına hazırlığı reallaşdırmaqdadır.
Konstitusiya islahatları gerçəkləşəndən sonra o, baş nazir postuna yiyələnmək istəyir. Çünki parlament üsul-idarəli respublikaya çevrilməsi nəzərdə tutulan Ermənistanda sırf nominal səlahiyyətlərə malik prezidentdən fərqli olaraq ölkəni baş nazir idarə edəcək.
 
Erməni müxalifətinin indiki zəif və dağınıq vəziyyəti S.Sarkisyana Konstitusiya islahatlarını ciddi problemlər olmadan reallaşdırmağa imkan verir.
Amma o tələsmir. İqtidardakı Ermənistan Respublika Partiyasının funksionerlərinin dediklərinə görə, Konstitusiya islahatları konsepsiyası referenduma ya payızda, ya da gələn ilin baharında çıxarılacaq. Bu isə Yerevandakı iqtidarın vaxtın müəyyənləşdirilməsi ilə bağlı problemlərlə qarşılaşdığını göstərir.
Az öncə bəhs etdiyimiz kimi, Sarkisyanın referendumla bağlı ölkə daxilində ciddi problemləri olmadığından, çətinliklər Qərbin və Rusiyanın bu təşəbbüsə münasibəti ilə bağlıdır.
 
Serj Sarkisyan dövlət idarəetmə modelini dəyişmək, yəni hakimiyyətin daxili strukturunu və məntiqini dəyişmək istəyir. Yerevandakı iqtidar isə həmişə və istisnasız olaraq Rusiyaya itaət sxemi çərçivəsində fəaliyyət göstərdiyindən belə köklü dəyişikliklər Moskvanın razılığı olmadan reallaşdırıla bilməz.
Eyni zamanda Qərb də islahatlara razılıq verməzsə, onların gerçəkləşdirilməsi mümkün deyil.
 
Serj Sarkisyan isə geosiyasi mərkəzlərlə sövdələşdiyindən referendumla bağlı müəyyənlik yoxdur.
Belə durumda ilk baxışda kiçik detallar təsiri bağışlayan, amma əslində, böyük önəm daşıyan xırdalıqlar xüsusi rol oynayır. Problem ondadır ki, Konstitusiya islahatları yolu ilə idarəetmə modelinin dəyişməsi Ermənistandakı hakimiyyət daxilində yeni münasibətlər yaradacaq. Həmin münasibətlər indiki piramidal model təki islahatlardan sonra da bir müddət davam edə bilər, amma bəlli zamandan sonra dəyişikliklər de-yure və de-fakto olaraq üzə çıxacaq. Beləcə, Yerevandakı iqtidarın piramidal məntiqi laxlayacaq, dəyişəcək və puç olacaq.
 
Bəhs etdiklərimiz isə mütləq şəkildə hakimiyyətdaxili münasibətlərə, qərarların qəbulu mexanizmlərinə təsir edəcək.
Bu səbəbdən də Serj Sarkisyanın zamana ehtiyacı var. O, Konstitusiya dəyişiklikləri və islahatlarının indiki variantı ilə bağlı Qərblə Rusiyanın razılığını almalı, zahiri kompromisə nail olmalıdır.
 
Əks təqdirdə onun bütün planları puç olacaq.
 
Orxan Hun
Milli.Az