Bakı, 29 mart, AZƏRTAC
“Qəbələ”nin 14 yaşadək futbolçulardan ibarət komandası Hollandiyada keçirilən “Teksel Cup” beynəlxalq turnirində mübarizəyə başlayıb.
AZƏRTAC xəbər verir ki, baş məşqçi Xaqani Məmmədovun yetirmələri turnirin ilk günündə üç matça çıxıblar. Hollandiyanın şimalında yerləşən Teksel adasında keçirilən yarışda 6 komanda dairəvi sistemlə mübarizə aparır. “Qəbələ” ilk qarşılaşmada “Tvente” ilə üz-üzə gəlib. Məhəmməd Məhərrəmovun fərqləndiyi matçda hollandiyalılar qalib gəlib – 2:1. Azərbaycan təmsilçisi ikinci oyununda “Qroningen” ilə qolsuz heç-heçəyə nail olub. “Alkmaar” komandası ilə görüşdə 1:0 hesabı ilə qalib gələn komandamıza 3 xalı İbrahim Camalovun qolu qazandırıb.
“Qəbələ” turnirdən əvvəl “Feyenoord” komandası ilə yoxlama oyununda qüvvəsini sınamışdı. Həmin matçda Rotterdam təmsilçisi qalib gəlmişdi – 3:2.