Bakı 2015 Əməliyyat Komitəsi Avropa Oyunlarının Tamaşaçı Məlumat Mərkəzini təqdim etdi. ANS PRESS-in məlumatına görə, mərkəz Bakı 2015 tarixdə ilk Avropa Oyunlarının bir hissəsi olmaq istəyən yüz minlərlə insanı ən yeni və dəyərli məlumatlarla təmin edəcək.

20-yə yaxın operator Bakı 2015 Oyunları, yarış obyektləri, idman növləri, yarış cədvəli, bilet satışı (qiymətlər, biletin alınması yolları, satış məntəqələri və onların açılış saatı, «Şanslı Qalib» kampaniyası), yarış obyektlərinə giriş, ticarət imkanları, mərasimlər və nəqliyyatla bağlı Azərbaycan və İngilis dillərində məlumat verəcək.

Xəttə zəng vuranları komediya ustası, aktyor və aparıcı, Bakı 2015-in Ulduz Elçisi Murad Dadaşov salamlayacaq. O, həmçinin bir neçə tanınmış televiziya şousunun aparıcısıdır.
Avropa Oyunlarının Tamaşaçı Məlumat Mərkəzini Azercell, Bakcell və Azerfon GSM operatorlarından, o cümlədən, ölkə abunəçilərinin 90%-ni əhatə edən BTRİB (Bakı) və Aztelekom (regional) sabit xətt operatorlarından 2015 nömrəsini yığmaqla əlaqə saxlamaq olar.

Ölkəyə səyahət etmədən öncə məlumat almaq istəyən beynəlxalq qonaqlar üçün məlumat xətti +994 77 2015 000 nömrəsidir və zənglərin qiyməti zəng olunan ölkənin beynəlxalq zəng tariflərinə əsasən təyin ediləcək.

Xatırladaq ki, Bakı 2015 ilk Avropa Oyunları 12 İyun 2015-ci il - 28 İyun 2015-ci il tarixlərində baş tutacaq qitə üçün həyəcan verici və innovativ çoxşaxəli idman tədbiridir.
Bakı 2015-də cəmi 20 idman növü təmsil olunacaq: 16 Olimpiya idman növü və 4 qeyri-olimpiya idman növü. Avropanın 6000-dən çox idmançısı yarışların davam edəcəyi 17 gün ərzində öz ölkələrini təmsil edəcəklər.

12 bir idman növü Rio 2016 Olimpiya Oyunlarına vəsiqə qazanmağa imkan yaradacaq. Bu idman növlərinə Kamandan oxatma, Atletika, Boks, Velosiped yarışları, Atıcılıq, Stolüstü tennis, Cüdo, Üzgüçülük, Taekvondo, Triatlon, Güləş və Voleybol daxildir.

Bakıya Oyunlara ev sahibliyi etmək hüququ 2012-ci ilin dekabr ayında Avropa Olimpiya Komitəsi (AOK) tərəfindən verilib. Bakı Avropa Oyunları Əməliyyat Komitəsi (BAOƏK) Avropa Oyunları Komitəsi ilə birgə Oyunları təşkil edəcək və keçirəcək.
Mənbə
ANS PRESS