Tanınmış futbol məşqçisi Marçelo Lippi "Yuventus"un çalışdırıcısı Massimliano Alleqri haqqında söhbət açıb. Milli.Az goal.az-a istinadən xəbər verir ki, Lippi bunları deyib:
"Özümü Alleqridə görürəm. Mən də "Yuventus"a təxminən onunla eyni yaşda rəhbərlik etməyə başlamışdım. Alleqridə olan qətiyyət, komandanı təkmilləşdirmək həvəsi məndə də vardı. Onunla oxşarlıqlarımız var. Massimliano "Yuventus"a gələndə komanda başqa futbol oynayırdı. Bu məşqçi tədricən öz ideyalarını komandaya aşılaya bildi. Alleqri və Konteni müqayisə edəndə səviyyə fərqini nəzərdə tutmurdum. Sadəcə, onların futbola yanaşma tərzindəki fərqləri nəzərə çatdırmaq istəyirdim".
Lippi "qoca senyora"nın Çempionlar Liqasının 1/4 finalında "Monako" ilə düşməsinə də münasibət bildirib. "Bu püşk qənaətbəxşdir. Kontenin "Yuventus"unu xatırlayıram. Əgər komanda 2013-cü ildə "Bayern Muchen"lə qarşılaşmasaydı, hər şey başqa cür ola bilərdi. "Monako"ya hörmətlə yanaşmaq lazımdır. Amma onlar "Barselona" deyil. İtaliya millisi yadıma düşür. 2006-cı il dünya çempionatında biz favorit deyildik. Lakin ardıcıl qələbələri məntiqi sonluqla tamamladıq. Hər şey baş verə bilər. Bu, İtaliya futbolunda dirçəlişin nişanəsidir. "Yuventus" İtaliyada uzunmüddətli hegemonluqdan sonra Avropadakı çıxışlarını da yeni müstəviyə keçirməlidir".
Milli.Az
Milli.Az